AZ

Hörmüz boğazında yeni qaydalar: İran və Oman gəmilərdən keçid haqqı alacaqlar...

İki həftəlik atəşkəs dövründə tətbiq olunacaq rüsumların infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb. Məlumata əsasən, İran və Oman Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq niyyətindədir. Bildirilir ki, bu qərar hazırda qüvvədə olan iki həftəlik atəşkəs dövründə tətbiq ediləcək və toplanan vəsaitlərin bölgədə dağıdılmış infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.

CNN Agentliyinin dəniz nəqliyyatının izlənməsi məlumatlarına istinadən yaydığı xəbərə görə, hazırda Hörmüz boğazından keçən gəmilərin sayı hərbi əməliyyatlar başlamazdan əvvəlki göstəricinin təxminən 5 faizini təşkil edir. Bu isə regionda təhlükəsizlik risklərinin hələ də yüksək səviyyədə qalması ilə izah olunur.

Eyni zamanda bildirilir ki, İran bir gəminin keçidi üçün 2 milyon ABŞ dollarına qədər ödəniş tələb edir. Lakin indiyədək bu rüsumun hansısa gəmi sahibi tərəfindən ödənilib-ödənilmədiyi barədə konkret məlumat yoxdur. Ekspertlər qeyd edir ki, belə yüksək ödənişlər beynəlxalq ticarətə və enerji bazarlarına əlavə təzyiq yarada bilər.

Xatırladaq ki, 8 aprel tarixində ABŞ-nin prezidenti Donald Tramp İranla münaqişə fonunda iki həftəlik atəşkəsə razılıq verildiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər sülh razılaşması istiqamətində müəyyən irəliləyiş əldə ediblər və bu müddət ərzində yekun razılaşmanın əldə olunacağı gözlənilir.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr