AZ

Yaponların əlac tapmadığı Badamdar sürüşməsi

Onlar sürüşmə zonasında quyular qazıb, qrunt suyunu aşağı salmağa cəhdlər göstərdilər, ancaq bu üsul da effektiv olmadı - tanınmış memar çıxış yolunu bilir...

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış gərginliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti iki gün dayandırıldı, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olundu. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

Yada salaq ki, 2018-ci ilin sonlarında  sürüşmə nəticəsində Badamdar yolu təxminən 1 il bağlı qaldı. O vaxt Badamdarda sürüşmənin qarşısını almaq üçün baş nazirin sabiq müavini Hacıbala Abutalıbov “çox zəhmət çəkdi”. Hətta o, işə yaponiyalı mütəxəssisləri də cəlb etdi. Lakin yaponlar da Abutalıbovun üzünü ağ edib, ərazidəki vəziyyətə çarə qıla bilmədilər. Onlar sürüşmə zonasında quyular qazıb, qrunt suyunu aşağı salmağa cəhdlər göstərdilər. Ancaq bu üsulla da əldə edilən nəticə effektiv olmadı... Abutalıbov isə həmin ərazidə olan 11 villanın mütləq sökülməli olduğunu deyirdi. Amma 2019-cu ilin oktyabrında Abutalıbov təqaüdə göndərildi,  onun 11 villa vədi də yaddan çıxdı.   

Hələ quyuların qazılma ərəfəsində ekspertlər bildirirdilər ki, Badamdar yaylasına normadan artıq su yığılıb. Buna görə də kanalizasiya xətləri çəkilməsə, quyular qazmaqla nəticə əldə etmək mümkün olmayacaq.

Ekspertlər o rəydə idi ki, Badamdarda kanalizasiya sistemi qurulduqdan sonra sürüşmənin qarşısı tam olaraq alına bilər. Amma 2020-ci ildən payız-qış aylarında yenə də bu ərazilərdə sürüşmə baş verdi. Demək olar ki, yağıntıların miqdarından asılı olaraq hər il bu sürüşmələr baş verir. Bəs yaponların çarə tapmadığı Badamdar sürüşməsinin əsas səbəblərini aradan qaldırmaq niyə mümkün olmur?

Bakıda

Nəzərə çatdıraq ki, Bakı və Abşeronda sürüşmə əsasən Zığ və Əhmədli massivi, Qaraçuxur, Günəşli, Masazır və Badamdar zonalarında tez-tez müşahidə edilir. Rəsmi məlumatlara görə, insan faktoru və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikası süni şəkildə artır. İlk növbədə, böyük su itkilərinin, yamacların istismarı zamanı kəskin kəsilmələrin qarşısının alınması və yüklənmələrin maksimal dərəcədə azaldılmasına ehtiyac var.

Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Bakı şəhərinin müxtəlif ərazilərində, xüsusilə problemli zonalarda baş verən hadisələrin əsas səbəblərini memar kimi analiz etmək o qədər də çətin deyil: “Məsələ ondadır ki, hələ Sovet İttifaqı dövründə - təxminən 40-60 il əvvəl çəkilmiş kanalizasiya sistemi maksimum 1 milyon əhali üçün nəzərdə tutulmuşdu və əlavə olaraq 300-500 min nəfərlik ehtiyat hesablanmışdı.

Bu gün isə Bakının əhalisi faktiki olaraq 4 milyona yaxınlaşıb. Təsəvvür edin, əvvəllər boş, istifadə olunmayan ərazilərdə - məsələn, Badamdar kimi yerlərdə - indi onlarla villa və yaşayış obyektləri tikilib. Belə şəraitdə güclü yağış zamanı müəyyən fəsadların baş verməsi realdır.

Vaxtilə bu sahədə müxtəlif xarici mütəxəssislərin - o cümlədən yapon ekspertlərinin - müəyyən tövsiyələri səslənsə də, problem qlobal yox, daha çox yerli və sistemli yanaşma tələb edən məsələdir".

Ekspert dedi ki, artıq bu ilin yanvar ayında Bakının kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qərar qəbul edilib: “Təbii ki, bu iş qısa müddətdə - bir neçə ay ərzində  həll olunacaq məsələ deyil. Yenilənmə mərhələli şəkildə, məhəllə-məhəllə, küçə-küçə aparılmalıdır. Yalnız bu halda mövcud yükə uyğun sistem qurmaq mümkün olacaq.

Nəzərə almaq lazımdır ki, mövcud sistem sovet dövründən qalıb və istismar müddəti artıq bitib - 50 ildən çox vaxt keçib. Yeni sistem isə müasir texnologiyalarla, daha davamlı materiallarla və dəqiq mühəndis hesablamaları əsasında qurulmalıdır. Azərbaycanın kifayət qədər savadlı və peşəkar mühəndisləri var və bu potensialdan düzgün istifadə olunarsa, belə problemlərin qarşısını almaq mümkündür".

Memar deyir ki, sürüşmə zolağı xüsusi yanaşma tələb edir: “Bu ərazilərdə torpaq strukturu daha həssasdır. Əvvəllər bir prospektdə bir neçə bina və az sayda obyekt olduğu halda, bu gün həmin ərazilərdə çoxmərtəbəli binalar, restoranlar, şadlıq sarayları və digər tikililər mövcuddur. Bu da ümumi yükü kəskin şəkildə artırır. Sürüşmə zolaqları kiçik həcmli dağlardır, Badamdarda güclü yağışlarda su axıb asfaltın qırağına tökülür. Burada suqovucu texnologiyalar olmadığına görə binanın bünövrəsində ovulmanı çoxaldır. Yağış suları düzgün şəkildə kənarlaşdırılmadıqda, torpağa hoparaq onu yumşaldır, nəticədə bünövrələr zəifləyir və çöküntülər baş verir. Bu baxımdan əsas çıxış yolu fundamental və dəqiq mühəndis hesablamalarına əsaslanan layihələndirmədir”.

Cahid Həsənov qeyd edir ki, fərdi yaşayış evləri tikən vətəndaşlar da bu məsələyə ciddi yanaşmalıdır: “Sadəcə, eskiz layihə ilə tikintiyə başlamaq düzgün deyil - mühəndis layihəsi, kommunikasiya planı və texniki hesablamalar mütləq olmalıdır. Təəssüf ki, bəzi hallarda xərcləri azaltmaq məqsədilə texniki standartlara əməl edilmir. Məsələn, tələb olunan boru diametri 100 mm olduğu halda, fərdi yaşayış yeri inşa edənlər 50 mm-lik borular quraşdırılır. Bu isə gələcəkdə ciddi problemlərə səbəb olur və nəticədə həm tikilinin özünə, həm də sahibinə əlavə ziyan vurur.

Unutmaq olmaz ki, memarlıq, dizayn, mühəndis konstruksiyası və kommunikasiya sistemləri ayrı-ayrı sahələrdir və hər biri peşəkar yanaşma tələb edir. Bu mərhələlərdə “qənaət” etmək yolverilməzdir. Əvvəl bütün texniki məsələlər tam həll olunmalı, yalnız bundan sonra tikinti işlərinə başlanılmalıdır. Bu gün milyonlarla vəsait xərclənərək tikilən binaların əsas problemlərindən biri də məhz kommunikasiya sistemlərinin düzgün qurulmamasıdır. Halbuki bu sahəyə əvvəlcədən diqqət yetirilsə, sonradan yaranan problemlərin qarşısını almaq mümkündür".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
15
1
musavat.com

2Mənbələr