AZ

"Ən pis sülh və ya ən pis atəşkəs müharibədən yaxşıdır" -Hikmət Babaoğlu

İran ABŞ Prezidenti Donald Trampın iki həftəlik atəşkəs təklifini qəbul edib. Eyni zamanda İsrail İranla ikihəftəlik atəşkəs təşəbbüsünə ABŞ ilə birlikdə qoşulmağa razılıq verib.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, şərtlər nə olursa-olsun, ən pis sülh və ya ən pis atəşkəs müharibədən yaxşıdır:

"Nəzərə alsaq ki, bu müharibə həm də bizim regionda gedirdi və bütövlükdə böyük bir regiona, hətta dünyadakı iqtisadi-siyasi proseslərə təsir etmək imkanlarına malik idi, əlbəttə ki, belə bir atəşkəsin əldə olunması olduqca müsbət bir hadisə kimi qiymətləndirilməlidir. Düşünürəm ki, atəşkəsin nəzərdə tutulan maddələrinin birində deyildiyi kimi, bu atəşkəs həm də sonrakı mərhələdə qalıcı sülhün əldə olunması üçün bir fürsət olacaq".

Millət vəkili vurğuladı ki, Azərbaycan üçün də atəşkəsin əhəmiyyəti var:

"İranda həm də bizim soydaşlarımız yaşayır, onların həyati təhlükəsi heç olmasa iki həftəlik atəşkəs müddətində aradan qalxmış olur və beləliklə, böyük mənada sülh üçün imkanlar yaranır. Bu həssas dövr Amerika Birləşmiş Ştatları, İsrail və İran diplomatları tərəfindən yaxşı idarə olunmaqla, yaranmış bu sülh pəncərəsi nəticə etibarilə sonda böyük sülhün əldə olunmasına gətirib çıxaracaq. Çox sevindirici haldır ki, biz bu gün gecə saatlarında daha fəlakətli bir ssenari üzrə müharibənin inkişafını gözlədiyimiz halda, bir atəşkəsin əldə olunduğuna şahidlik etmiş olduq".

Aytəkin TOFİQQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr