ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqazın təhlükəsiz inkişafına töhfə verir
Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasət kursu regional əməkdaşlığın inkişafını, siyasi sabitliyin möhkəmləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu siyasətin əsas mahiyyəti əməkdaşlıq, təhlükəsizlik və yüksəksəviyyəli siyasi dialoqun formalaşdırılması üzərində qurulub - xüsusilə qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın gücləndirilməsi və ümumi təhlükəsizlik mühitinə verilən töhfə Cənubi Qafqazın müasir gündəliyinin aparıcı inkişaf parametrləri sayılır. Bu baxımdan, Azərbaycan qonşu dövlətlərlə münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzində saxlayır. Gürcüstan ilə əlaqələr isə bu siyasətin ən uğurlu nümunələrindən biri kimi çıxış edir. İki ölkə arasında formalaşmış münasibətlər təkcə coğrafi yaxınlıqdan deyil, həm də ortaq maraqlardan, tarixi bağlardan və qarşılıqlı etimaddan qaynaqlanır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, eləcə də regional təhlükəsizlik məsələlərində birgə fəaliyyət bu münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir. Aprelin 6-da Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü zamanı da Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.
Yaxın qonşu, tərəfdaş...
Tarixi qonşu və strateji əməkdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qarşılıqlı münasibətləri ilə seçiliblər. Hətta uzun illər eyni dövlətin tərkibində olan bu iki xalq hər zaman yüksək səviyyədə əlaqələr qurub, əməkdaşlıq ediblər. SSRİ-nin dağılmasının ardından müstəqillik əldə etmiş Azərbaycan və Gürcustan dövlətləri arasındakı əlaqələr bu illər ərzində daha da möhkəmlənib. İkitərəfli münasibətlərə gəldikdə isə, Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr 1993-cü ildən - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında Birgə İqtisadi Komissiya, parlamentlərdə müvafiq olaraq parlamentlərarası əlaqələr üzrə işçi qrupları mövcuddur.
Qeyd edək ki, ötən dövr ərzində qarşılıqlı səfərlər həm münasibətləri, həm də qarşılıqlı hüquqi qanunvericilik bazasını daha da möhkəmləndirib. İki ölkə arasında çoxsaylı müvafiq sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı olduğu dövrdə Gürcüstana çoxsaylı səfərlər edib. Bu dövrdə Gürcüstanın rəsmi şəxsləri də dəfələrlə ölkəmizdə işgüzar və rəsmi səfərlərdə olublar. Səfərlərin intensivliyi göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazda ən aktiv siyasi dialoqlardan biridir. Bu dinamika strateji tərəfdaşlıq səviyyəsini bir daha təsdiqləyir.
Tarixi əlaqələr möhkəm zəmindir...
Bu əlaqələr qədim tarixi köklərə malikdir. Əsrlər boyu Azərbaycan və Gürcüstan xalqlarını bir-birinə bağlayan dostluq və yaxşı qonşuluq münasibətləri bu gün dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsini daha da irəliyə aparır - ənənələrə söykənən bu münasibətlər yalnız mədəni və humanitar sahələrlə məhdudlaşmayaraq, siyasi və iqtisadi müstəvidə də özünü aydın şəkildə göstərir. Bu baxımdan iki ölkə arasında formalaşmış əməkdaşlıq modeli region üçün də nümunəvi hesab oluna bilər. Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri çərçivəsində keçirilən görüşlərin ardından Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında bildirib ki, əsrlər boyu xalqlarımızı yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağlayıb. Bu, məntiqi olaraq, dövlətlərimiz arasında güclü strateji tərəfdaşlığı əks etdirir. Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir: “Biz bu prosesdə Sizin şəxsi səylərinizi və iştirakınızı xüsusi dəyərləndiririk”.
Bəli, qarşılıqlı səfərlər, müntəzəm görüşlər, aparılan danışıqlar bu münasibətlərin davamlı inkişafına zəmin yaradır. Bu prosesdə həqiqətən də Azərbaycan Prezidentinin rolu xüsusilə diqqət çəkir. Dövlət başçımızın yürütdüyü məqsədyönlü və praqmatik siyasət regionda sabitliyin qorunmasına, əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir. Beləliklə, tarixi dostluq üzərində qurulan münasibətlər bu gün siyasi iradə və qarşılıqlı maraqlar əsasında daha da möhkəmlənərək uzunmüddətli strateji tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir: “Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”.
Ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı dəstəklənir
Azərbaycan və Gürcüstan münasibətlərinin əsas sütunlarından biri qarşılıqlı şəkildə suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsidir. Bu prinsip iki ölkə arasında etimadın və siyasi yaxınlığın formalaşmasında mühüm rol oynayıb. Xüsusilə mürəkkəb geosiyasi şəraitdə bu cür qarşılıqlı dəstək regional sabitliyin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün pozulduğu illərdə Gürcüstan daim prinsipial mövqe sərgiləyərək bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Tbilisi beynəlxalq hüquqa əsaslanaraq münaqişənin ədalətli və sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edib. Bu yanaşma iki ölkə arasında siyasi etimadı daha da gücləndirib və tərəfdaşlığın möhkəmlənməsinə töhfə verib. Baş nazir İrakli Kobaxidze Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə Azərbaycanın verdiyi qəti dəstəyə görə təşəkkürünü bildirib: “Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və gələcəkdə də tərəfdarı qalacaq. Bu gün keçirilmiş görüşümüz çərçivəsində, biz nəinki ikitərəfli münasibətləri, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələləri təfərrüatı ilə müzakirə etdik”.
Postmünaqişə dövründə də bu qarşılıqlı dəstək davam edir. Gürcüstan regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində aparılan prosesləri dəstəkləyir. Tbilisi daim Azərbaycanın bölgədəki sülhyaratma missiyasını yüksək dəyərləndirib. Baş nazir deyib ki, Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayırıq. Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir.
Bundan əlavə, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqeyini dəstəkləyir. Bu qarşılıqlı həmrəylik onların xarici siyasət kursunun mühüm elementlərindən biri kimi çıxış edir və müstəqillik dövrü ərzində ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik: “Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”.
Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək
Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqlar regionda təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə xidmət edir. Bu reallıqlar iqtisadi layihələrin daha təhlükəsiz mühitdə həyata keçirilməsinə imkan verir və investorlar üçün cəlbedici şərait yaradır. Gürcüstan da bu prosesdə mühüm rol oynayaraq regional əməkdaşlığın vacib halqasına çevrilib. Ölkədəki daxili sabitlik bu mənada diqqət çəkir. Prezident İlham Əliyev deyib ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir: “Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək”.
İki ölkə arasında həyata keçirilən çoxşaxəli layihələr regionun iqtisadi xəritəsinə yeni rəng qatmaqla yanaşı, siyasi sabitliyin möhkəmlənməsinə xidmət edir. Gürcüstanda siyasi sabitliyin qorunması Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Bu sabitlik regionda həyata keçirilən iri layihələrin davamlılığını təmin edir və ümumi inkişaf prosesinə müsbət təsir göstərir. Beləliklə, siyasi sabitlik və iqtisadi inkişaf bir-birini tamamlayan əsas faktorlar kimi çıxış edir.
Cənubi Qafqaz sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir
Bakının son 6 ildə yürütdüyü siyasət bütövlükdə regionun təhlükəsizliyinə yeni ştrixlər qatıb. Təsadüfi deyil ki, Azərbaycan dövləti hər zaman bəyan edir ki, regional təhlükəsizlik bizim üçün 1 nömrəli məsələdir. Bu kontekstdə Gürcüstan ilə əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir - hər iki ölkə regionda sabitliyin qorunması və təhlükəsizlik mühitinin gücləndirilməsi istiqamətində oxşar mövqedən çıxış edir. Qlobal miqyasda artan gərginliklər, hətta yaxın-uzaq coğrafiyamızda baş verən qarşıdurmalar fonunda Cənubi Qafqazda sabitliyin qorunması mühüm əhəmiyyət daşıyır. Vaxtilə “münaqişə regionu” adlandırılan Cənubi Qafqaz Azərbaycanın səyi və qətiyyəti ilə sabitlik və əməkdaşlıq məkanı kimi xarakterizə olunur. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini. Bu gün də istisna deyil. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”.
Azərbaycan bu prosesdə fəal rol oynayaraq regionda yeni əməkdaşlıq formatlarının formalaşdırılmasına təşəbbüs göstərir. Gürcüstan da bu təşəbbüsləri dəstəkləyərək regional təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verir. Bu əməkdaşlıq yalnız hərbi-siyasi sahə ilə məhdudlaşmır, həm də iqtisadi və humanitar sahələri əhatə edir. Bu isə regionda təhlükəsizlik mühitini daha da gücləndirir, qarşılıqlı etimadı artırır və uzunmüddətli sabitliyin təmin olunması üçün möhkəm zəmin formalaşdırır.
Qarşılıqlı hörmət, qarşılıqlı inam
Beləliklə, regionun bugünkü mənzərəsi aydın şəkildə göstərir ki, sülh, əməkdaşlıq və qarşılıqlı münasibətlər sisteminə yeni baxış Cənubi Qafqaz siyasətinin yeni normasıdır. Azərbaycan bölgədə sabitlik yaradan lider dövlət kimi siyasi sabitlik və diplomatik balans - münaqişəsiz qonşuluq modelini irəli sürür. Azərbaycanın rəhbərliyi ilə formalaşan yeni Cənubi Qafqaz modeli həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi təmin edən mühüm mərhələdir. Bu modelin mərkəzində “sülh naminə əməkdaşlıq” prinsipi dayanır. Nəticə etibarilə, Azərbaycan və Gürcüstan arasında münasibətlər də geniş və çoxşaxəli xarakter daşıyıraq bu məzmunun inkişafında əsaslı rol oynayır. İkitərəfli gündəlik kifayət qədər zəngindir və müxtəlif sahələri əhatə edir. Siyasi dialoq isə müsbət və konstruktiv müstəvidə davam edir. Prezident İlham Əliyev bildirib ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir: “Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.
Pərviz SADAYOĞLU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.