AZ

İlk 3 ayda...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Büdcə gəlirləri artıb, 1,8 milyard manata yaxın profisit yaranıb

2026-cı ilin birinci rübündə dövlət büdcəsi gəlirlərinin icrasında yüksək nəticələr qeydə alınıb. Belə ki, yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 faiz üstələyib. Dövr ərzində dövlət büdcəsinin xərcləri 8 milyard 012,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97,6 faiz təşkil edir. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Nəticədə dövlət büdcəsində 1 milyard 781,9 milyon manat profisit (illik müqayisədə 10,1 faiz çox) yaranıb.

2026-cı ilin birinci rübü ərzində icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat məbləğində icra edilib.

Büdcədən 68,5 milyon manat geri qaytarılıb

Cari ilin ilk rübündə dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 68 milyon 508,8 min manat məbləğində vəsait geri qaytarılıb. Həmin vəsaitlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılmasına aiddir.

Bununla yanaşı, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Mövcud büdcə göstəriciləri onu təsdiqləyir ki, ölkəmizdə iqtisadi fəallıq artır və bu dinamika fiskal yığımlarda özünün biruzə verir. Neftin bahalaşması ilə yanaşı, qeyri-neft yığın mənbələrinin genişlənməsi büdcədə potensial imkanları artırır. Eyni zamanda, büdcə göstəriciləri növbəti rüblərdə də yığım faizinin artacağını və büdcə zərfinin profisitlə icra olunacağını şərtləndirir.

Dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun proqnoz göstəricisinin cari il üzrə artırılması da qarşıdakı 9 ayda əsas fiskal bazanın qeyri-neftə əsaslanacağından xəbər verir. Belə ki, büdcə gəlirlərinin 57,4 faizi və ya 22,174 milyon manatı qeyri neft-qaz sektorunun, 42,6 faizi və ya 16,435 milyon manatı isə neft-qaz sektorunun payına düşür. Eyni zamanda, büdcədə vergi daxilolmalarının 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq. Ümumilikdə, ötən ilin dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə qeyri neft-qaz sektorunun gəlirləri 2 milyard 129 milyon manat və ya 10,6 faiz çox nəzərdə tutulur ki, bu da son 20 ildə ən yüksək fiskal rəqəmdir.

Büdcədə əsas xərc prioritetləri

Xatırladaq ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir. Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub. 2026-cı ilin büdcə zərfi ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Ölkəmizin ali maliyyə sənədi olan büdcə layihəsi möhkəm konsolidasiya, fiskal dayanıqlılıq, keyfiyyət dəyişikliklərinə keçid və digər amilləri özündə əks etdirir. Büdcə çərçivəsi sənədlərində əks olunan əsas məqsədlər, o cümlədən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadiyyatın digər sahələri üzrə qəbul edilmiş strategiya və dövlət proqramlarının icrası üçün maliyyə təminatının yaradılması ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qorumaqdadır.

Dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 faizini təşkil etməklə 8,7 milyard manat həcmində nəzərdə tutulub.

Böyük Qayıdış Proqramının icrası, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-tranzit infrastrukturunun dəstəklənməsi və bütün bunların sosial müdafiə tədbirləri ilə müşayiət edilməsi yeni büdcə sənədinin əsas xüsusiyyətlərindəndir. Büdcə zərfi həm də maliyyə təhlükəsizliyinin gücləndirilməsini, o cümlədən valyuta ehtiyatlarımızın qorunmasını hədəfləyir. Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb.

Əmək pensiyaları üçün 8 milyard manat

Əhalinin real gəlirlərinin artımı və sosial rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində sosialyönlü xərclər 17,1 milyard proqnozlaşdırılıb. Bu, da ümumi büdcə xərclərinin 41 faizini təşkil edir. Sosial xərclərin əsas mənbələrindən biri kimi icmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üzrə büdcəsində də əhəmiyyətli artımlar mövcuddur. Belə ki, DSMF-nin 2026-cı il üçün gəlirləri cari ildəkindən 9,3  faiz, xərcləri isə 10,5 faiz çox nəzərdə tutulub. DSMF-nin büdcə xərcləri ilk növbədə, şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alanların, təqaüdçülərin, ümumilikdə ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması üçün etibarlı təminat yaradır. Həmin təminat mənbələri nəzərə alınaraq 2026-cı il yanvarın 1-dən bütün pensiyalar indeksləşdirilib. Əmək pensiyaları üçün 8 milyard manata yaxın vəsait nəzərdə tutulub. Mövcud artımlardan sonra Azərbaycanda orta aylıq pensiya məbləğinin 543 manatdan bu il 590 manatadək, yaşa görə pensiyanın isə 578 manatdan 629-630 manatadək yüksələcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etməkdədir.

Neftin bahalaşması büdcəyə dəyişikliklərə səbəb ola bilər

Yeri gəlmişkən, neftin qiymətinin artması hazırda büdcə üçün əlavə imkanları da səfərbər edir. Cari ildə büdcədə neftin qiyməti 65 dollar götürülüb. Hazırda isə dünya bazarında Azərbaycan neftinin hər bareli 115 dollardan baha satılır. Təbii ki, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlər ilə müqayisə etmək olmaz. Söhbət illik orta qiymətdən gedir. Ancaq buna baxmayaraq, “Azeri Light” markalı Azərbaycan neftinin mart ayındakı satış qiyməti ən azı 1 milyard dollar əlavə gəlir qazandırıb. Neftin orta illik qiymətinin növbəti aylarda da yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq. Nəzərdə tutulandan daha çox daxilolmalar isə profisiti artırmaqla, büdcə xərclərinin həcminin də artırılması üçün əsaslı baza yarada bilər. Bu isə ilin ortasında dövlət büdcəsi layihəsinə yenidən dəyişikliklərə səbəb ola bilər. Belə bir praktika ötən illərdə dəfələrlə dövlət büdcəsi haqqında qanunda dəyişikliklərin tətbiqində öz təsdiqini tapıb. Büdcə layihəsinə dəyişikliklər edildiyi halda, yəni xərclərin artırılması reallaşdığı təqdirdə, əlavə xərclər ilk növbədə, azad ərazilərdə aparılan quruculuq işlərinin sürətləndirilməsinə yönəldiləcək, Bununla bərabər, bəzi sosial xərclərin artırılması da mümkün ola bilər.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr