AZ

Sürgündən sözə, sözdən ölümsüzlüyə: Cavad Cavadlının yüz illik işığı » AzadMedia.az



…1978-ci, ya 1979-cu il idi. O vaxtkı «Kommunist» (indiki «Azərbaycan») nəşriyyatında işləyirdim. Bakıya yeni gələn vaxtlarım idi. Yasamal rayonundakı 20 nömrəli məktəbin yaxınlığında kirayədə qalırdım. Yadımdadır ki, qış ayı idi, möhkəm qar yağmışdı, yer-yurd buz bağlamışdı. Yollar buz bağladığından avtobuslar da müəyyən saatdan sonra işləmirdi. Nə isə, belə bir qarlı-şaxtalı gündə axşam işdən çıxmışdım, avtobus dayanacağında bir nəfər də olsun adam yox idi. Nə də avtobus gəlmirdi. Dayanacaqda soyuqdan əsə-əsə durmuşdum. Axşamın qaranlığı da düşmüşdü. Yolları da yaxşı tanımırdım ki, piyada gedəm. Soyuq iliyimə işləyirdi, ağlamaq məni tutmuşdu. Birdən nəşriyyatdan iki kişi çıxdı. Məni dayanacaqda görüb dayandılar, baxdılar ki, soyuqdan gömgöy göyərmişəm. Mənə yaxınlaşdılar, biri soruşdu ki, ay qızım, hara gedəcəksən? Məni ağlamaq tutdu. Səsim titirəyə-titirəyə dedim ki, işim gec qurtardı, bir saatdan çoxdur burada gözləyirəm, heç bir minik maşını yoxdur… Həmin kişi bir də soruşdu ki, hansı tərəfdə yaşayırsan? Dedim ki, 20 nömrəli məktəbə yaxın məhəllədə qalıram. Dedi gəl, biz səni evinizə qədər ötürərik… Bayaqdan yerimdə donmuşdum, indi sevindiyimdən bilmədim ki, neynəyim. Tez onların yanına düşüb qaldığım evə tərəf getdim… Yolda söhbət əsnasında öyrəndim ki, həmin o xeyirxah insan «Azərbaycan müəllimi» qəzetinin şöbə müdiri, şair-publisisit Cavad Cavadlıdır. Çox təəsssüf ki, yanındakı adamın adını unutmuşam… Söhbət edə-edə həmin axşam məni gətirib həyətimizə ötürdülər, sonra özləri yoluna davam etdilər… O gündən sonra Cavad müəllimi hər gün demək olar ki, nəşriyyatda görürdüm, salamlaşıb hal-əhvallaşırdıq… Cavad Cavadlını belə tanıdım və o vaxtdan yaddaşımda xeyirxah insan kimi qalıb.
Sonralar onun imzası ilə çıxan yazıları həvəslə oxuyurdum. Haqqında çox şey öyrənmişdim. Bilirdim ki, çox əzablı, keşməkeşli yollardan keçib. Bu il aprelin 12-də Cavad Cavadlının 100 yaşı tamam olur. Özümə vəfa borcu bilirəm ki, onun haqqında bir yazı yazım.
…Bir insanın taleyi bəzən bütöv bir xalqın yaddaşını özündə daşıyır. Cavad Cavadlının ömür yolu da məhz belə tale salnamələrindəndir — ağrının, mübarizənin, sədaqətin və sözün qüdrətinin yoğrulduğu bir həyat salnaməsi.
1926-cı ilin 12 aprelində Şərur rayonunun Dəmirçi kəndində dünyaya göz açan Cavad Cavadlı, kökü ziyalılığa, mənəvi dəyərlərə bağlı bir ailədə böyümüşdür. Atası Ələsgərin babası xalq həkimi kimi tanınan Molla Qasım dövrünün nüfuzlu şəxslərindən biri sayılırdı. Lakin belə bir nəsil taleyin sərt sınaqlarından yan keçə bilmədi. Sürgün həyatı, haqsız damğalar… «Xalq düşməni» damğasının ailənin üzərinə kölgə salması gənc Cavadın həyatında erkən yaşlarından ağır izlər açdı. Bu çətinliklər onun təhsil yolunu ləngitsə də, onu sındıra bilmədi. O dövrdə Şərur Rayon Partiya Komitəsinin birinci katibi olan Xalq yazıçısı Süleyman Rəhimovun dəstəyi ilə Cavad təhsilini davam etdirə bildi. Bu yaxşılıq şairin yaddaşında silinməz izlər qoydu və sonralar bu yaxşılıq «Cəhənnəmdən qaçmış uşaq» mənzum romanında bədii əksini tapdı, «Unudulmaz görüş» fəslində isə bu insanlıq nümunəsi xüsusi həssaslıqla təsvir olundu.
1941-ci ildə başlanan müharibə ailənin həyatında nisbi sabitlik yaratdı. Gənc Cavad artıq tarlada işləyir, kənd klubunda çıxış edir, mətbuat nümunələri oxuyur, bədii qiraətlər edirdi. O, sözün gücünü hələ o illərdə hiss metmişdi. Lakin yenə də taleyin sərt üzü onu izləyirdi — komsomol sıralarında irəliləyərkən atasının keçmişinə görə işdən uzaqlaşdırıldı. Bütün bunlara baxmayaraq, o, elmə, sözə olan sevgisindən dönmədi. Naxçıvan Müəllimlər İnstitutunda başladığı təhsilini yarımçıq qoyaraq jurnalistika arzusu ilə Bakıya üz tutdu. 1945-ci ildən başlayan Bakı dövrü onun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. 1950-ci ildə ali təhsilini başa vurdu və mətbuat sahəsində fəaliyyətə başladı.
Şəxsi həyatı da onun yaradıcılığı qədər duyğulu idi. 1951-ci ildə ixtisasca həkim olan Şövkət xanımla qurduğu ailə onun həyatına işıq gətirdi. Lakin bu işıq uzun sürmədi, 1972-ci ildə həyat yoldaşını itirməsi şair üçün dərin bir sarsıntı oldu. Bu itki onun qələmində kədərli, lakin son dərəcə səmimi misralara çevrildi. «Səndən sonra», «Getdin» kimi silsilə şeirləri kitablara köçürüldü. Bunlar sadəcə, söz deyil, itkinin içindən doğan həyat fəlsəfəsidir.
Külək yenə köhnə küçələri dolaşır,
Addımlarım səndən qalan izləri axtarır.
Bu şəhər mənə yad deyil, amma
Sənsiz hər küçə bir az kimsəsizdir…
Bu misralarda müəllifin nostalji hisləri, itki və tənhalıq duyğusu açıq şəkildə ifadə olunur.
Cavad Cavadlı ikinci dəfə ailə qurmadı. Beş övlad böyütdü, amma qəlbində bir ömürlük sədaqəti qorudu. Bu sədaqət onun «Ata laylası» və «Səndən sonra» kitablarında əbədi sözə çevrildi.
Peşəkar fəaliyyətində isə o, uzun illər «Azərbaycan müəllimi» qəzetində çalışaraq publisist kimi öz sözünü dedi. Onun yazıları həyatın içindən gəlir, xalqın dərdini, sevincini, mübarizəsini əks etdirirdi.
«Cəhənnəmdən qaçmış uşaq» əsəri isə təkcə avtobioqrafiya deyil — bu, sürgün həyatının, insan iradəsinin və yaşamaq əzminin poetik salnaməsidir.
2015-ci il 22 iyunda, 89 yaşında dünyasını dəyişən Cavad Cavadlı arxasında zəngin mənəvi irs qoydu. Onun ömrü sübut etdi ki, insanı yaşadan təkcə zaman deyil, yaddaş, söz və sədaqətdir.
Bu gün onun 100 illiyini qeyd edərkən, biz yalnız bir şairi deyil, dissident ədəbiyyatı yaratmış bir qələm adamının deyil, bütöv bir dövrün canlı yaddaşını xatırlayırıq. Cavad Cavadlı sürgündən keçdi, ağrıdan keçdi, amma sözə sığındı və sözlə ölümsüzləşdi…
Şəmsiyyə Musa qızı,
«Yeni təfəkkür» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist

Seçilən
1
1
azadmedia.az

2Mənbələr