AZ

Trampın iki həftəlik atəşkəs elanından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb

Bakı, 8 aprel, AZƏRTAC

Dünya birjalarında neft ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs barədə razılıq əldə olunduğunu açıqlamasından sonra kəskin ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, aprelin 8-də “Brent” markalı neftin bir barelinin qiyməti 15,58 dollar və ya 13,3 faiz azalaraq 93,69 dollara enib. ABŞ-ın WTI markalı nefti isə 17,16 dollar və ya 15,2 faiz ucuzlaşaraq 95,79 dollar təşkil edib.

ABŞ Prezidentinin bu qərarı İran üçün müəyyən etdiyi müddətin başa çatmaq üzrə olduğu bir vaxtda verilib. Həmin müddət çərçivəsində İrandan dünya neft tranzitinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını açması tələb olunurdu, əks halda ölkənin mülki infrastrukturuna genişmiqyaslı hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi.

Donald Tramp sosial şəbəkə paylaşımında “Bu, iki tərəfli atəşkəs olacaq!” ifadəsini işlədib. Bundan əvvəl isə o, İranın tələblərə əməl etməyəcəyi təqdirdə “bu gecə bütöv sivilizasiyanın məhv ola biləcəyi” barədə sərt bəyanatla çıxış etmişdi.

İranın xarici işlər naziri Abbas Əraqçinin verdiyi açıqlamaya görə, İrana qarşı hücumlar dayandırılarsa, Hörmüz boğazından təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla növbəti iki həftə ərzində mümkün ola bilər.

Mütəxəssislər vurğulayıb ki, ABŞ-İsrail və İran arasında baş verən münaqişə mart ayında neft qiymətlərinin tarixdə ən kəskin aylıq artımını göstərməsinə səbəb olub və qiymətlər 50 faizdən çox artıb. Qeyd olunub ki, bu addım müsbət başlanğıc sayılsa da, davamlı razılaşma üçün hələ çox sayda qeyri-müəyyən məqam qalır.

WTI markalı neftin “Brent” üzərində qiymət üstünlüyü davam edir. Bu, onun daha yaxın tarixdə – may ayında, “Brent”in isə daha gec – iyun ayı üzrə tədarük müqavilələrinə bağlı olması ilə izah olunur.

Seçilən
11
3
azertag.az

4Mənbələr