AZ

TƏBİB Müşahidə Şurasının yeni sədri Xalid Əhədov kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov TƏBİB-in Müşahidə Şurasının sədri təyin olunub.
Qeyd edək ki, Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. O, 1996–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb. 2010–2012-ci illərdə “Instituto de Empresa” (IE) biznes məktəbində təhsilini davam etdirərək Barselonada MBA proqramını bitirib.
Əmək fəaliyyətinə tələbəlik illərində bank sektorunda başlayıb. 1999-cu ilin martından “Bank of Baku”da müxtəlif vəzifələrdə – pərakəndə biznes bölməsinin meneceri və müştəri məmnuniyyəti departamentinin rəhbəri kimi çalışıb. 2005-ci ildə isə həmin bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə yüksəlib.
2012-ci ildə “Unibank”da İcraedici Komitənin üzvü olub, 2015-ci ildə bankın icraçı direktoru təyin edilib. 2016-cı ildə “Bank Standard”ın baş direktoru kimi fəaliyyət göstərib, daha sonra “Azər Türk Bank”da İdarə Heyəti sədrinin müvəqqəti icraedicisi olub.
2017-ci ildə “Beynəlxalq Bank”ın İdarə Heyətinin sədri təyin edilən Xalid Əhədov, 2018-ci ildə səhmdarların ümumi yığıncağından sonra bu vəzifədən ayrılaraq bankın Müşahidə Şurasının üzvü seçilib.
O, həmçinin müxtəlif dövrlərdə “Atəşgah Sığorta”nın Müşahidə Şurasının üzvü və “Millikart Prosesinq Mərkəzi”nin Direktorlar Şurasının sədri kimi də fəaliyyət göstərib.
2018-ci il 28 avqustdan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci il 17 noyabrdan isə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsini tutur.
Bununla yanaşı, o, Azərbaycan Respublikasının İqtisadi Şurasının, “ABB” ASC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şuralarının üzvüdür. Eyni zamanda, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasına sədrlik edir.
27 fevral 2026-cı ildə isə Azərbaycan Respublikasının yeni yaradılmış Rəqəmsal İnkişaf Şurasının üzvü təyin olunub.
Ailəlidir, üç övladı var. Atası Nurəddin Əhədov Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1990–1995-ci illər) olub.

Murad Məmmədov
Seçilən
0
2
yeniavaz.com

5Mənbələr