AZ

Havalar fermerlər üçün ƏLVERİŞLİ keçir? – Mütəxəssis RƏYİ

Güclü yağışlar və daşqınlardan sonra Azərbaycanda havalar yenidən sabitləşməyə və istiləşməyə başlayıb. Hərçənd, bölgələrdə qeyri-müəyyən və yağışlı hava davam edir.

Bu cür hava aprel üçün nə dərəcədə xarakterikdir? Fermerlər üçün əlverişlimi? Gözlənilən məhsuldarlığa təsiri necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.

Aqrar ekspertlərin fikrincə, qısa müddətli yağışlar məhsuldarlığa problem yaratmır. Amma yağışlar uzun müddət davam edərsə, taxıl və tərəvəz sahələrində məhsul itkisi, göbələk xəstəlikləri və zərərvericilərin aktivliyi arta bilər. Meyvə ağaclarında isə çiçəklərin zədələnmə riski var.

Ümumilikdə isə aprel ayının bu cür dəyişkən havası Azərbaycanda normal sayılır. Fermerlər üçün hava şəraiti qısa müddət üçün əlverişli olsa da, uzunmüddətli yağışlar ciddi risklər yarada bilər. Ona görə də sahədə diqqət və düzgün idarəetmə çox önəmlidir...

Akif

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, Azərbaycanda aprel ayı üçün havaların qarışıq və qeyri-sabit olması kifayət qədər xarakterikdir:

“Yaz aylarında temperatur hələ dəyişkən olur, yağışlar və lokal daşqınlar müşahidə edilə bilər, amma ümumilikdə günəşli və istiləşən dövrlər də olur”.

Onun sözlərinə görə, fermerlər üçün belə hava həm müsbət, həm də mənfi təsir göstərə bilər:

“İstiləşmə və sabit hava torpağın qurumasına və əkin işlərinin davam etdirilməsinə imkan yaradır. Eyni zamanda, bölgələrdə davam edən yağışlar bəzi əkin sahələrində suyun çoxalmasına və torpağın şoranlaşmasına səbəb ola bilər. Yəni, havanın təsiri konkret bölgə və əkin növündən asılıdır, bəzi yerlərdə əlverişli, digərlərində isə çətinlik yarada bilər”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr