AZ

Prezident İlham Əliyevin Gürcüstan səfəri: Regional əməkdaşlığın güclənən xətti



Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Gürcüstan münasibətlərinin strateji xarakterini və regional əhəmiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan iki ölkə arasında əməkdaşlığın dərinləşdiyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illər ərzində qarşılıqlı etimad, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşıb. Dövlət başçısının bəyanatında da bu münasibətlərin sarsılmaz olduğu, regional sabitliyin və inkişafın əsas dayaqlarından biri kimi çıxış etdiyi xüsusi vurğulanır.Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq məsələlərinə toxunması təsadüfi deyil. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr – xüsusilə enerji və logistika sahəsindəki təşəbbüslər – təkcə iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan, Bakı–Tbilisi-Ceyhan xətti üzrə əməkdaşlıq modeli artıq beynəlxalq səviyyədə uğurlu tərəfdaşlıq nümunəsi kimi qəbul olunur.
Dövlət başçısı çıxışında xüsusi vurğulamışdır: “Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.”Bu fikirlər Azərbaycanın enerji və nəqliyyat sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin ardıcıllığını və uğurunu əyani şəkildə nümayiş etdirir. Ölkəmiz uzun illərdir ki, yalnız öz enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda tərəfdaş ölkələrin də enerji təminatına mühüm töhfə verir.

Gürcüstanın bu prosesdəki rolunun xüsusilə qeyd olunması isə heç də təsadüfi deyil. Bu, Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu, qarşılıqlı etimad və strateji tərəfdaşlıq üzərində qurulduğunu bir daha təsdiqləyir. Hər iki ölkənin birgə reallaşdırdığı layihələr regionda sabitliyin və inkişafın əsas dayaqlarından biri kimi çıxış edir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr təkcə enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin etmir, eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu möhkəmləndirir. Bu layihələr Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır.

Bununla yanaşı, nəqliyyat dəhlizlərinin inkişafı məsələsi Azərbaycanın strateji baxışının daha geniş olduğunu göstərir. Orta Dəhlizin genişləndirilməsi ölkəmizin Avrasiyanın mühüm logistika mərkəzinə çevrilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan–Gürcüstan əməkdaşlığının təkcə bu gün üçün deyil, gələcək perspektivlər baxımından da böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu strateji tərəfdaşlıq regionda davamlı inkişafın, iqtisadi tərəqqinin və sabitliyin təmin olunmasında əsas amillərdən biri olaraq qalır. Millət vəkili Tamam Cəfərova belə deyib.






Seçilən
29
aia.az

1Mənbələr