Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Respublika Perinatal Mərkəzində baş vermiş faciəvi yanğınla bağlı cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Musavat.com xəbər verir ki, iclasda Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli iştirak ediblər.
Məhkəmə zamanı Mehriban Abasquliyevanın əvvəlki ifadələri dinlənilib və cinayət işinə aid sənədlərin tədqiqi aparılıb. Abasquliyeva ifadəsini davam etdirərək bildirib ki, əvvəlki direktorla təhvil-təslim zamanı yanğın siqnalizasiya sistemi işləməyib və bu barədə TƏBİB-ə məlumat verib. Mehriban Abasquliyevanın sözlərinə görə, 14 il ərzində mərkəzin yanğın siqnalizasiya sistemi nasaz olsa da, fəaliyyət davam edib:
“Mənim mərkəzin fəaliyyətini dayandırmaq, xəstələri qəbul etməmək səlahiyyətim olmayıb. Bütün xəstəxanalar Səhiyyə Nazirliyinin 2013-cü il 24 saylı əmrinə əsasən xəstələri qəbul edirlər. Küvəzlərin sayı barədə məlumat TƏBİB-də var idi, sifariş isə onlardan gəlirdi. Mən büdcə məsələlərinə qarışmamışam, yalnız kiçik büdcə ilə alınacaq avadanlıq üçün səlahiyyətim var idi”.
Mehriban Abasquliyeva həmçinin bildirib ki, direktor təyin edildikdən sonra TƏBİB-in İdarə Heyətinin sədri mərkəzə gəlib, fevral ayında geniş yoxlama aparılıb və problemlərlə bağlı aktlar hazırlanıb. Yeni otaqların açılması ilə bağlı da məlumat TƏBİB-ə verilmişdi və mütəxəssislər daima mərkəzi izləyirdi.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin dördüncü mərtəbəsində yerləşən Yenidoğulmuşların intensiv terapiya bölməsində 7 körpə həyatını itirib, 4 nəfər xəsarət alıb, müəssisəyə isə 361 min manat maddi ziyan dəyib. İstintaqın qənaətinə görə, Mehriban Abasquliyevanın 2022-ci ilin dekabrında direktor təyin olunmasından sonra xəstə qəbulu sayı iki dəfə artırılıb və nəticədə mərkəzin elektrik təsərrüfatı artıq yüklənərək yanğına səbəb ola bilərdi. Fövqəladə Hallar Nazirliyi mərkəzdə yoxlamalar apararaq, yanğın təhlükəsizliyi qaydalarının pozulmasını, nasaz siqnalizasiya sistemini, işləməyən daxili yanğın su kranlarını və elektrik təsərrüfatındakı nöqsanları rəhbərliyə xəbər versə də, direktor Mehriban Abasquliyeva, Hamlet Mustafayev və Elnur Əhmədli bu nöqsanları aradan qaldırmayıblar. Hazırda müttəhimlər kürsüsündə əyləşənlərdən Mehriban Abasquliyeva CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ölümlə nəticələndikdə) maddələri ilə ittiham olunur. Hamlet Mustafayev və Elnur Əhmədliyə isə CM-nin 225.3-cü maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, eləcə də Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam edib və növbəti iclas aprelin 15-də keçiriləcək.
E.Məmmədəliyev,
Musavat.com