Həkim Aleksandr Kazaçenkobildirib ki, melatonin ağır yan təsir riski yüksək olan preparatlar sırasına daxil olmasa da, onun nəzarətsiz qəbulu təhlükəli ola bilər.
Azreform.info xəbər verir ki, bu barədə o, "Gazeta.ru" nəşrinə açıqlamasında danışıb.
Somnoloq izah edib ki, nəzarətsiz istifadə dedikdə dərmanın həkim təyinatı olmadan qəbulu, tövsiyə olunan dozaların pozulması və ya istifadə müddətinin uzadılması nəzərdə tutulur. Melatoninin tövsiyə olunan dozası 0,1–3 mq arasında dəyişir, maksimal icazə verilən doza isə 6 mq-dır (bəzi ölkələrdə bu hədd 10 mq-a qədərdir). Mütəxəssis bu dozanın aşılmamasını tövsiyə edir, çünki yüksək dozaların uzunmüddətli istifadəsinin təhlükəsizliyi ilə bağlı kifayət qədər elmi məlumat yoxdur.
Həkimin sözlərinə görə, əsas problemlərdən biri də melatoninin yuxusuzluğun səbəbləri araşdırılmadan istifadə edilməsidir. Onun “universal vasitə” kimi qəbul edilməsi yalnız qısa müddətli effekt verə bilər və daha sonra simptomlar geri qayıda bilər. Uzunmüddətli istifadə isə əsasən yalnız orqanizmində bu hormonun səviyyəsi aşağı olan pasiyentlərə tövsiyə olunur.
Melatoninin endokrin sistemə mənfi təsiri hələ tam sübut olunmayıb, lakin bu istiqamətdə əlavə araşdırmalara ehtiyac var.
Ən çox rast gəlinən yan təsirlər baş ağrısı və gündüz yuxululuğudur. Bundan əlavə, əsəbilik, narahatlıq, həyəcan, dəri qaşınması və arterial təzyiqin artması da müşahidə oluna bilər.
Mütəxəssis sonda vurğulayıb ki, melatonin müəyyən hallarda faydalı ola bilər, lakin yuxusuzluğun universal həlli deyil. Dərmanın istifadəsi diqqətlə yanaşma, düzgün doza seçimi və yuxu problemlərinin səbəblərinin anlaşılması ilə həyata keçirilməlidir. Bir çox hallarda isə düzgün yuxu rejiminə əməl etmək kifayət edir və əlavə preparata ehtiyac qalmır.
Həmidə İbrahimova