AZ

“Artan tranzit haqları qlobal neft qiymətlərində 30–35%-lik artım təzyiqi formalaşdırır” - EKSPERT DANIŞDI

“Yaxın Şərqdə baş verən proseslər enerji bazarına ciddi təsir göstərməkdə davam edir. Artan geosiyasi risklər səbəbindən tanker daşımalarında tranzit haqları və əlavə sığorta xərcləri hər tanker üzrə təxminən 1,5–2 milyon ABŞ dolları səviyyəsinə çatıb”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, bu xərclərin 2026-cı ilin mart ayından etibarən 40–50% artması nəticəsində neftin dünya bazar qiymətləri də yüksələrək 100–130 dollar/barel intervalında formalaşıb. Enerji qiymətlərindəki bu artım zəncirvari şəkildə istehsal, logistika və xidmət sahələrinə ötürülür və nəticədə yanacaqla bağlı xidmətlərdə 15–25% qiymət artımı müşahidə olunur.

Enerji xərclərinin yüksəlməsi qlobal inflyasiyaya da təsirsiz ötüşmür. Hesablamalara görə, enerji qiymətlərində hər 10%-lik artım inflyasiyanı orta hesabla 0,4 faiz bəndi yüksəldir. Hazırkı şəraitdə qiymətlərin 30–35% artması inflyasiyanın 1,2–1,5 faiz bəndi artmasına səbəb ola bilər. Bu proses xüsusilə nəqliyyat və logistika sektorunda 15–25%, kənd təsərrüfatı və ərzaq məhsullarında 10–20%, sənaye məhsullarında isə 5–15% qiymət artımı ilə özünü göstərir.

Müharibə riskləri artdıqca daşımalar alternativ marşrutlara yönəldilir. Lakin Afrika ətrafı yollar və boru kəmərləri kimi alternativlər məsafəni 2–3 dəfə artırır, daşınma müddətində isə 30–50% gecikmələr yaradır. Bununla yanaşı, bu marşrutlar əsas yollara nisbətən 15–25% daha yüksək xərclər tələb edir və yalnız qismən həll rolunu oynayır, qlobal tələbatın tam ödənilməsinə imkan vermir.

Digər tərəfdən, bu vəziyyət müxtəlif sahələrdə qiymət artımlarını sürətləndirir. Məsələn, gübrə ixracında qiymətlər 30–40% yüksəlib, sıxılmış maye qaz bazarında da artım tendensiyası müşahidə olunur. Bu isə öz növbəsində ərzaq və sənaye məhsullarının qiymətlərinə əlavə təzyiq yaradır.

Artan tranzit haqları və təhlükəsizlik riskləri qlobal neft qiymətlərində 30–35%-lik artım təzyiqi formalaşdırır. Bu isə qısa müddətdə dünya üzrə inflyasiyanı 1–1,5 faiz bəndi artırır, bəzi regionlarda isə daha yüksək göstəricilərə səbəb olur. Alternativ marşrutların məhdud imkanları isə bu təsirlərin qarşısını almağı çətinləşdirir və mövcud iqtisadi təzyiqlərin davam etməsinə şərait yaradır”.

Müəllif: Günay Hacıyeva
Seçilən
10
1
sia.az

2Mənbələr