Görüşdə ABŞ-nin NATO-dan çıxmaq ehtimalı və müttəfiqlərlə gərginlik müzakirə olunub...
Poliqon xəbər verir ki, BBC Agentliyinin məlumatına görə, NATO-nun baş katibi Mark Rütte Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüş keçirib. Bu, Trampın Avropadakı müttəfiqləri ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə qoşulmamaqda tənqid etməsindən sonra onların ilk görüşü olub.
Bundan əvvəl Donald Tramp ABŞ-nin NATO kimi təşkilatdan çıxa biləcəyini istisna etməyib. O, daha əvvəl alyansı “kağız pələng” adlandırmışdı. Ağ Evin mətbuat katibinin sözlərinə görə, bu məsələ də Tramp və Rütte arasında aparılan müzakirələrin əsas mövzularından biri olub.
Görüş qapalı qapılar arxasında keçirilib. Daha sonra Mark Rütte danışıqları “çox açıq və səmimi” adlandırsa da, Trampın NATO-dan çıxmaq məsələsini konkret şəkildə qaldırıb-qaldırmadığı sualına birbaşa cavab verməyib.
Donald Tramp isə görüşlə bağlı açıqlamasında NATO-nu tənqid edərək bildirib ki, “NATO bizə lazım olan vaxtda kömək etmədi”. O, həmçinin Qrenlandiya məsələsinə toxunaraq bu ərazini “böyük və pis idarə olunan buz parçası” kimi xarakterizə edib.
ABŞ prezidentinin Danimarkanın tərkibində muxtar ərazi olan Qrenlandiyanı əldə etmək istəyi NATO daxilində ciddi narazılığa səbəb olmuşdu. Sonradan Tramp adanı güc yolu ilə ələ keçirmək niyyətində olmadığını bildirsə də, müttəfiqlərin bu ideyaya mənfi reaksiyasını “unutmayacağını” qeyd edib.
Wall Street Journal nəşrinin yazdığına görə, Donald Tramp Avropa ölkələrinin ABŞ və İsrailin İrana qarşı əməliyyatlarına qoşulmamasına cavab olaraq onları “cəzalandırmaq” variantlarını da nəzərdən keçirir. Bu isə NATO daxilində münasibətlərin daha da gərginləşə biləcəyinə işarə edir.
Poliqon.info