AZ

Saç tökülməsi ilə mübarizədə iki effektiv üsul müəyyən edilib

Saç tökülməsi ilə mübarizə aparmaq üçün bir çox kişi saç əkiminə müraciət edir. Lakin bu, həm baha, həm də mürəkkəb prosedurdur. Alternativ olaraq saç tökülməsinə qarşı iki effektiv müalicə üsulu mövcuddur: mezoterapiya və plazma terapiyası.

Editor.az xəbər verir ki, Be Healthy Klinikasındə fəaliyyət göstərən dermatoloq, kosmetoloq və trixoloq Yana Şatskaya bu barədə açıqlama verib.

Onun sözlərinə görə, mezoterapiya və plazma terapiyası androgenetik alopesiya (AGA) zamanı effektivdir. Bu, kişilərdə ən geniş yayılmış keçəllik növüdür və halların təxminən 95 faizini təşkil edir. Xəstəlik saç follikullarının dihidrotestosteron hormonuna həssaslığından qaynaqlanan irsi bir vəziyyətdir.

“Bu prosedurlar genetik səbəbləri aradan qaldırmır, lakin saçın ömrünü uzada, tökülməni ləngidə, qan dövranını və yeni çıxan saçların keyfiyyətini yaxşılaşdıra bilər. Eyni zamanda bu müalicə üsulları telogen effluvium — stress, xəstəlik, əməliyyat və ya dərman qəbulu nəticəsində saçların dəstə-dəstə tökülməsi halında da kömək edir. İnyeksiyalar saçların bərpasına güclü dəstək verir. Əgər saç tökülməsi yağlı və ya quru kəpəklə müşayiət olunursa, xüsusi kokteyllər piy vəzilərinin fəaliyyətini normallaşdırır”, – deyə həkim bildirib.

Qeyd olunub ki, əgər saç follikulu artıq tam şəkildə birləşdirici toxuma ilə əvəz olunubsa (keçəl nahiyədə dəri hamar və parlaqdırsa), heç bir inyeksiya saçın geri qayıtmasına səbəb ola bilməz. Bu müalicələrin məqsədi “yuxuda olan”, lakin hələ canlı saç köklərini aktivləşdirməkdir.

“Mezoterapiyada ‘mezokokteyl’ adlanan xüsusi qarışıqlardan istifadə olunur. Bu tərkibə B qrup vitaminləri, mikroelementlər, amin turşuları, damar genişləndiricilər və peptidlər daxildir. Plazma terapiyasında isə pasiyentin öz qan plazması istifadə edilir. Qandan nümunə götürülür, xüsusi sınaq şüşəsində sentrifuqadan keçirilir və trombositlərlə zəngin plazma əldə olunur. Trombositlər isə dəri kök hüceyrələrini aktivləşdirən, saç follikullarını bərpa edən böyümə faktorları ifraz edir. Bu, allergiya yaratmayan bioloji stimullaşdırma üsuludur”, – deyə mütəxəssis izah edib.

Həkimlərin sözlərinə görə, bu üsullar adətən kombinə şəkildə tətbiq olunur. Müayinə nəticəsində müalicə kursu və intervallar müəyyən edilir — bəzi hallarda ayda bir neçə dəfə, bəzi hallarda isə ayda bir dəfə tətbiq edilir.

“Adətən 4–8 seans tələb olunur. İlk nəticələr 2–3 həftə ərzində müşahidə edilir, maksimum effekt isə təxminən 12 aydan sonra qiymətləndirilir. Bu, saçın yavaş uzanması ilə bağlı fizioloji xüsusiyyətlərlə əlaqədardır. Mezoterapiya və plazma terapiyası möcüzəvi üsul olmasa da, peşəkar həkim tərəfindən tətbiq edildikdə güclü vasitədir. Lakin yalnız keçəllik çox irəliləmədikdə və pasiyent tam müalicəyə hazır olduqda effektiv nəticə verir. Unutmayın: ən yaxşı nəticə erkən müdaxilə ilə əldə olunur. Saçınızın seyrəkləşdiyini və daraqda daha çox saç qaldığını hiss etdiyiniz anda mütəxəssisə müraciət edin”, – deyə həkim fikrini tamamlayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr