AZ

Regionda aviasiya sahəsində kadr potensialının formalaşmasına töhfə

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək, ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin - xəstəxanaların, yeni yolların, mədəniyyət, xidmət mərkəzlərinin, yeni iş yerlərinin və s. istifadəyə verilməsi ölkəmizdə uğurlu siyasətin məntiqi nəticəsidir.

Beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verən müstəqil və suveren Azərbaycan iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri reallaşdırır və ölkəmizin təşəbbüsü, eləcə də iştirakı ilə qlobal layihələr uğurla icra edilir. İnkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda özünü göstərir. Belə ki, ökəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib.

MİLLİ AVİASİYA AKADEMİYASINDA BEYNƏLXALQ TƏLİM MƏRKƏZİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Beynəlxalq Təlim Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub. Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Beynəlxalq Təlim Mərkəzində Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır. Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır. Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan “SkyArt” tərəfindən “A320/A321 NEO CEET” tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora “Boeing 787” təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir. Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

MÜLKİ AVİASİYANIN STRATEJİ İNKİŞAFI

Qeyd edək ki, akademiya bu yüksək texnoloji və elmi tutumlu sahəni dünya standartları səviyyəsində tam olaraq ali, əlavə və xüsusi peşə təhsili proqramları üzrə kadrlarla təmin edir. Məhz mülki aviasiyada uçuşların təhlükəsizliyinə qoyulan yüksək tələblər Azərbaycanda aviasiya elminin və təhsilinin əsas istiqamətlərini özündə ehtiva etmişdir. Azərbaycanda mülki aviasiyanın strateji inkişaf istiqamətləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Bu strategiyanı həyata keçirmək, genişləndirmək və inkişaf etdirmək, Azərbaycan mülki aviasiyasını dünya səviyyəsinə çıxarmaq, "Azərbaycan Hava Yolları" aviaşirkətini dünyanın nüfuzlu, müasir, təhlükəsiz və etibarlı dövlət aviadaşıyıcılarından birinə çevirmək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti, diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur.

Azərbaycan mülki aviasiyasının ən sürətli inkişaf yolu keçdiyini aydın görmək mümkündür. Aviasiya Akademiyası 1992-ci ildə Milli Aviasiya Mərkəzi kimi yaradılmışdır. 1994-cü ildə Milli Aviasiya Mərkəzinin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Dövlət Konserninin - indiki "Azərbaycan Hava Yolları" QSC-nin nəzdində Milli Aviasiya Akademiyası adlandırılmışdır. Ali təhsil müəssisəsi fəaliyyətə başlayarkən burada bir fakültə, iki ixtisas mövcud idi və 80 tələbə təhsil alırdı. Bu gün bu say əhəmiyyətli dərəcədə artıb. Milli Aviasiya Akademiyasında ixtisasların seçilməsi və əsaslandırılması respublikanın aerokosmik, nəqliyyat, energetika və bir sıra digər sahələrinin inkişafına istiqamətlənmiş dövlət siyasətinin ayrılmaz hissəsidir. Ali təhsil müəssisəsinin ixtisaslarının hər biri özündə müəyyən missiyanı daşıyır. Bununla yanaşı, akademiyanın bütün ixtisasları bu və ya digər şəkildə aerokosmik sahə ilə bağlıdır.

Fəaliyyətinin ilk illərində akademiya aviasiya texnikasının uçuş və texniki istismarı üçün kadrlar hazırlayırdı, lakin ölkə iqtisadiyyatının intensiv inkişafı sayəsində müasir tələblərə cavab verən yüksəkkateqoriyalı mütəxəssislərə zərurət yaranırdı.

İstifadə verilən Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Zümrüd BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
48
sesqazeti.az

10Mənbələr