AZ

Azərbaycan İranın ağır günlərində öz davranışı ilə dostluğunu bir daha isbat etdi ŞƏRH

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 9 aprel, AZƏRTAC

İranla ABŞ arasında iki həftəlik atəşkəsin elan olunması hərbi-siyasi gərginliyin nisbətən səngiməsinə səbəb olmaqla yanaşı, region dövlətlərinin böhran dövründə tutduqları mövqeləri də bir daha diqqət mərkəzinə gətirdi. Azərbaycan Prezidenti tərəfindən atəşkəsin elan olunmasından dərhal sonra İran Prezidentinə edilən zəng rəsmi Bakının mövqeyini açıq şəkildə nümayiş etdirdi. Bu da təsadüfi deyil - Azərbaycan hər zaman olduğu kimi regionda sabitliyin və qarşılıqlı etimadın qorunmasında maraqlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib.

O bildirib ki, böyük güclərin qarşıdurmasının yaratdığı təlatümlü mühitdə Azərbaycanın sərgilədiyi mövqe təkcə dostluq və xoş qonşuluq münasibətlərindən qaynaqlanmır, həm də regionun uzunmüddətli sabitliyinə hesablanmış siyasi seçim kimi önəmlidir.

Politoloqun sözlərinə görə, ən mühüm məqamlardan biri odur ki, İran üçün ağır və həssas günlərdə Azərbaycan–İran sərhədi təhlükəsizlik zonası olaraq qaldı. Halbuki İran daxilində uzun illər bəzi dairələr tərəfindən Azərbaycana qarşı süni şübhələr formalaşdırılmağa, Bakı ilə Tehran arasında etimadsızlıq yaratmağa cəhdlər göstərilmişdi. Azərbaycandan İrana qarşı guya təhlükə yarana biləcəyi ilə bağlı iddialar və təbliğatlar dövri şəkildə gündəmə gətirilirdi. Lakin böhran anı bu tezislərin əsassız olduğunu açıq şəkildə ortaya qoydu. Bir daha aydın oldu ki, Azərbaycan ərazisi heç vaxt İrana qarşı təzyiq, sabotaj və ya düşmənçilik platforması kimi istifadə olunmayıb və bu dəfə də buna imkan verilmədi. Rəsmi Bakı uzun illərdir qonşuluq münasibətlərini üçüncü tərəflərin geosiyasi oyunlarına qurban verməyən, regionu qarşıdurma meydanına çevirmək istəməyən prinsipial siyasət yürüdür. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, region dövlətləri bir-birinin təhlükəsizliyinə qarşı alətə çevrilməməlidir. Bu yanaşma bəyanat səviyyəsində qalmır, praktik addımlarla təsdiqlənir. İranla bağlı son hadisələr də göstərdi ki, Azərbaycan bu prinsipi real siyasətdə də qoruyur. Azərbaycanın İranla dost münasibətlərinin digər mühüm göstəricisi isə böhran başlayan gündən etibarən humanitar və mənəvi müstəvidə atdığı addımlardır.

“İranın Ali dini lideri Əli Xameneinin vəfatı ilə bağlı İran xalqına ilk başsağlığını verən və İran səfirliyini ziyarət edən də məhz Azərbaycan Prezidenti oldu. Bu addım təkcə diplomatik protokol çərçivəsində deyil, dövlətlərarası münasibətlərdə hörmətin və siyasi mədəniyyətin nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan burada yalnız rəsmi dövlət mövqeyi ilə deyil, həm də tarixi, mədəni və coğrafi yaxınlığı olan bir xalqın nümayəndəsi kimi çıxış etdi. Belə addımlar uzunmüddətli etimadın formalaşmasına xidmət edir.

Atəşkəs elan olunduqdan sonra İranı təbrik edən ilk liderin də Azərbaycan Prezidenti olması ayrıca siyasi mesaj daşıyır. Bu, Azərbaycanın İranda sabitlik və dövlət institutlarının qorunmasına verdiyi önəmi göstərir. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan İranın zəifləməsində deyil, sabit və idarəolunan regional mühitin formalaşmasında maraqlıdır. Çünki İran kimi böyük və həssas qonşu dövlətin sarsılması təkcə onun özü üçün deyil, bütün region üçün risklər yarada bilər. Bütün bunların fonunda İranda Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışan dairələrin mövqeyi daha da zəifləyir. Uzun müddət “düşmən obrazı” formalaşdırmağa çalışan bu çevrələr artıq reallıqla üz-üzə qalıblar. Əgər bir dövlət böhran günündə sərhədini təhlükəsiz saxlayırsa, humanitar yardım göstərirsə, ilk başsağlığını verirsə və atəşkəsi alqışlayırsa, onu “təhlükə” kimi təqdim etmək artıq reallıqdan uzaq siyasi manipulyasiya kimi görünür. Bu baxımdan son hadisələr Azərbaycan–İran münasibətlərində yeni siyasi aydınlıq mərhələsi formalaşdırdı.

Bu bu faktlar sadə bir həqiqəti təsdiqləyir: Azərbaycan ən çətin zamanda belə İranın yanında qonşu və dost kimi dayanıb. Məhz buna görə də bugünkü reallıq təkcə bir diplomatik epizod deyil, regionun gələcək siyasi arxitekturası baxımından mühüm əhəmiyyət daşıyır. Əgər bu reallıq düzgün qiymətləndirilərsə, Azərbaycan–İran münasibətlərində daha sağlam, etibarlı və qarşılıqlı hörmətə əsaslanan yeni mərhələnin başlanğıcı ola bilər”, - deyə Y.Hacıyeva əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azertag.az

2Mənbələr