AZ

Zarafatın özünün utandığı yumoristimiz Orxan Saffari yazır...

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Əgər mərhum Cabir İmanovda bir az istedad var idisə, Tahir İmanovda istedaddan ümumiyyətlə əsər-əlamət yoxdur.

Əlbəttə, Cabir İmanov özü də ayrılıqda çox böyük istedad sahibi deyildi, bu heç. Fəqət qardaşı Tahir İmanovdan istedadlı olması dəqiqdir. Başqa sözlə, Cabir İmanovda qəribə bir “Aktyorski şirinlik” var idisə, Tahir İmanov başdan ayağa qurudur, heç nəm də çəkmir.

Dolayısı ilə Tahir İmanov hər zaman Cabir İmanovun kölgəsində görsənib.

Onu bu həyatda, səhnədə maraqlı edən tək nüansda məhz Cabir İmanovla qardaş olması, bir-birilərinə oxşamaqlarıdır.

Tahir İmanovun səhnə performanslarından tutmuş davranışlarına qədər hər şeyi heç vaxt bir sənətkara yaraşmayacaq səviyyədə olub.

Ancaq görünür, özü elə bilir ki, sənət üçün böyük əziyyət çəkib, xidmətləri var.

Tahir İmanovun ayrılıqda oynadığı elə bir rol yoxdur ki, həmin rola baxıb əla deyə bilək. Ona ən yaxşı halda bu cür demək olar:

“Belə dəəə”.

Xüsusilə Tahir İmanov hər zaman özü və işləri haqqında mif yaratmağa çalışıb.

Özünü elə göstərib ki, guya ölkədə onu gözü götürməyənlər, qarşısını kəsənlər var. Niyə, Tahir bəy? Siz kimsiniz ki? Hansı böyük istedad sahibi olub kiməsə problem yaratmısınız? Sizdə görməli nə var ki, kimlərinsə də gözü götürməsin?

Müsahibələrinin birində o demişdi ki, bəlkə də, yumorun səviyyəsi dəyişib deyə biz televiziyada yoxuq.

Bəli, dəyişib, razıyam, ancaq yaxşıya doğru. Yaxşı yumor olan yerdə isə Tahir İmanovun nə işi var? Əgər doğrudan da onun qarşısını kəsən varsa, bu, tamamilə ədalətli yanaşmadır.

Tahir İmanov səhnədə olanda elə bil onu məcbur edib çıxarıblar. Nə səsdə dinamika var, nə mimikada həyat, nə də pauzalarda məna. Adam zarafat edir, amma zarafatın özü gülmür. Tamaşaçı yox, elə bil zarafatın özü utanır.

Ümumiyyətlə, İmanov, sizə kim deyib ki, yumorunuz var? Azərbaycan səhnəsinin Tahir İmanova nə ehtiyacı var?

Əslində, Tahir İmanov məsələsi təkcə “istedad var və ya yoxdur” mövzusu deyil, bu, illərlə süni şəkildə şişirdilmiş bir obrazın tədricən sönməsi hekayəsidir. Çünki səhnə çox qəddar yerdir. Orada ya varsan, ya da yoxsan. Ortası yoxdur. Tamaşaçı səni ya sevir, ya da səni səssizcə unudur. Və ən pisi odur ki, sən hələ də səhnədəsən zənn edirsən, amma tamaşaçı artıq çoxdan gedib.

Başqa sözlə, Tahir İmanovun narazılıqları həm də ona görə boşdur ki, ona lap şərait də yaradılsa, tamaşaçısı yoxdur.

O isə gərək bu sualı özünə versin. Desin ki, bir sənət adamı olar məhz indi kimə maraqlıyam? Kimdir məni axtaran? Hansı nüfuzum var, məni bu ölkədə neçə tamaşaçı sevir?

Problem heç də Tahir İmanovun pis aktyor olmasında deyil. Adam pis də ola bilər. Problem ondadır ki, o, özünü yaxşı hesab edir.

O hələ də 90-cı illərin yumor ölçüləri ilə yaşayır. Halbuki tamaşaçı dəyişib, zövq dəyişib, ritm dəyişib. İndi insanlar daha ağıllı yumor istəyir, daha incə zarafat istəyir, daha real situasiya komediyası istəyir. “Qışqırdım-güldün” dövrü çoxdan bitib, İmanov.

Amma Tahir İmanov hələ də elə bilir ki, səhnədə bir az səsini qaldırdı, bir az jest elədisə, vəssalam, bu, yumordur.

Yox, deyil. Bu, ən yaxşı halda sizin köhnə uğursuz vərdişinizdir.

Köhnə və uğursuz vərdişlərdinizdən əl çəkin, Tahir İmanov.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr