AZ

Avropada enerji qiymətləri yüksək qalır: Atəşkəs bazarı sabitləşdirməyib

Avropada neft və qaz qiymətləri ABŞ və İran arasında atəşkəs elan olunmasına baxmayaraq, hələ də yüksək səviyyədə qalır və yaxın müddətdə ucuzlaşma gözlənilmir.

Herbiand.az xəbər verir ki, buna səbəb yalnız fiziki təchizat problemləri deyil, həm də bazarda davam edən qeyri-müəyyənlik və risk amilləridir.

İkihəftəlik atəşkəs təsdiqləndikdən sonra neft qiymətləri kəskin düşsə də, enerji idxalından asılı olan Avropa üçün vəziyyət hələ də sabitləşməyib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, İranla bağlı münaqişə və Hörmüz boğazının faktiki bağlanması qlobal neft bazarı tarixində ən böyük təchizat kəsintilərindən birinə səbəb olub. Körfəz regionundakı enerji obyektlərinə hücumların qaz təchizatına uzunmüddətli təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa neft və qazının yalnız kiçik hissəsini birbaşa Hörmüz boğazı vasitəsilə əldə etsə də, qlobal bazar mexanizmləri səbəbindən ciddi təsirə məruz qalır. Belə ki, dünya neft ticarətinin böyük hissəsinin qiyməti “Brent” markalı neft üzrə formalaşır.

Münaqişədən əvvəl bir barel üçün 72-73 dollar səviyyəsində olan qiymətlər, atəşkəsdən əvvəl 120 dollara yaxınlaşıb. Atəşkəsdən sonra belə qiymətlər təxminən 93 dollar ətrafında qalır.

Həmçinin Avropada qaz qiymətləri də oxşar dinamika göstərib. Müharibədən əvvəl bir meqavat-saat üzrə 35,5 avro olan qiymətlər 61,93 avroya qədər yüksəlib, hazırda isə 44 avro səviyyəsindədir.

Ekspertlərin fikrincə, qiymətlərin yüksək qalmasının əsas səbəblərindən biri bazarda formalaşan riskdir. İnvestorlar və alıcılar qeyri-müəyyənlik səbəbindən qiymətləri daha yüksək səviyyədə saxlayırlar.

Digər mühüm amil isə mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı vəziyyətdir. Münaqişə dövründə Körfəz regionundan LNG tədarükü ciddi şəkildə azalıb. Xüsusilə Qətərdə yerləşən “Ras-Laffan” mayeləşdirilmiş qaz istehsalı zavodunun zərər görməsi və istehsalın bir hissəsinin dayanması bazara uzunmüddətli təsir göstərə bilər. Bildirilir ki, istehsalın tam bərpası bir neçə il çəkə bilər.

Hazırda Avropa qazının təxminən 40 faizi LNG hesabına təmin olunur ki, bu da regionu qlobal təchizatda baş verən dəyişikliklərə qarşı daha həssas edir. Qətər isə Avropanın LNG idxalında təxminən 8 faiz paya malikdir.

Mütəxəssislər hesab edirlər ki, strateji ehtiyatlardan istifadə, vergi güzəştləri və subsidiyalar kimi tədbirlər yalnız qısamüddətli təsir göstərə bilər. Uzunmüddətli sabitlik isə əsasən qlobal təchizatın bərpasından və bazarda qeyri-müəyyənliyin azalmasından asılı olacaq.

Seçilən
16
2
herbiand.az

3Mənbələr