Bu il əmək münasibətləri və məşğulluq sahəsində yeni qanunvericilik islahatlarının aparılması nəzərdə tutulub.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Baş nazirin müavini Samir Şərifovun təsdiq etdiyi müvafiq Yol Xəritəsində öz əksini tapıb.
Yol Xəritəsinə əsasən, bu il görülməsi planlaşdırılan tədbirlər aşağıdakılardır:
1. Aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi;
2. Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin dövlət orqanları (qurumları) ilə razılaşdırılması prosesinin yekunlaşdırılması;
3. Əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin dövlət orqanları (qurumları) ilə razılaşdırılması prosesinin yekunlaşdırılaraq aidiyyəti üzrə təqdim edilməsi;
4. Əmək qanunvericiliyində əməkhaqqından tutulmalarla bağlı müddəaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi;
5. Uşaqların əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı inzibati məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin aidiyyəti qurumlarla razılaşdırılması;
6. “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament”in təsdiq edilməsi haqqında Qərar layihəsinin hazırlanması;
7. “Təcrübəçi” kimi əmək fəaliyyətinə cəlb olunmuş şəxslərin hüquqi statusunu tənzimləyən normaların normativ hüquqi aktlara daxil edilməsi.