AZ

Londonda təhsil alan azərbaycanlı: İnsan beyninin modellənməsi üzərində işləyirəm MÜSAHİBƏ

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 9 aprel, AZƏRTAC

Kənan Bəndəliyev süni intellekt və insan beyninin modellənməsi sahəsində fəaliyyət göstərən gənc mütəxəssisdir. Bakalavr təhsilini kompüter mühəndisliyi üzrə İstanbul Texniki Universitetində bitirən Kənan hazırda London Kral Kollecində (King's College London) süni intellekt üzrə magistr təhsili alır və dövlət proqramının qaliblərindən biridir. Onun tədqiqatları əsasən insan beyninin modellənməsi və yaşlanmanın beyin üzərində təsirlərinin araşdırılmasına yönəlib.

AZƏRTAC-a müsahibəsində Kənan Bəndəliyev təhsil yolu və elmi fəaliyyəti barədə danışıb.

- Kənan bəy, bu sahəyə marağınız necə yarandı? Süni intellekt sahəsini seçməyinizə nə səbəb oldu?

- Bu sahəyə marağım erkən dövrlərdə proqramlaşdırma və oyunlar oynayarkən yarandı. Xüsusilə insan davranışlarının modellənməsi məni cəlb etdi. Süni intellektin həm elmi, həm də real həyat problemlərini həll etmək potensialı bu sahəni seçməyimdə əsas rol oynadı.

- London Kral Kollecində süni intellekt üzrə magistr proqramına qəbul prosesi necə keçdi?

- Qəbul prosesi akademik göstəricilər, motivasiya məktubu və əvvəlki layihələrin qiymətləndirilməsi əsasında həyata keçirildi. Mənim bakalavr təhsili üzrə yüksək nəticələrim və süni intellekt sahəsində praktiki layihələrim qəbul prosesində mühüm rol oynadı. Xüsusilə tətbiqi layihələrim proqramın tələbləri ilə uyğunluq göstərirdi.

- Dövlət proqramının qalibi olmaq sizin üçün nə ifadə edir? Bu proqram sizə hansı imkanları yaratdı?

- Dövlət proqramının qalibi olmaq mənim üçün böyük məsuliyyət, eyni zamanda, motivasiya mənbəyidir. Bu proqram mənə dünyanın qabaqcıl universitetlərindən birində təhsil almaq imkanı yaratdı. Eyni zamanda, beynəlxalq akademik mühitdə inkişaf etmək və qabaqcıl tədqiqatlara qoşulmaq üçün geniş imkanlar təqdim etdi.

- İnsan beyninin modellənməsi ilə bağlı araşdırmanız haqqında daha ətraflı danışa bilərsinizmi?

- Tədqiqatım insan beynində öyrənmə proseslərini modelləşdirməyə yönəlib. Xüsusilə “Hebbian” öyrənmə prinsiplərinə əsaslanan strukturlar üzərində işləyirəm. Bu modellərdə neyronlar arasındakı əlaqələrin zamanla necə dəyişdiyini və yaşlanmanın bu əlaqələrə təsirini araşdırıram. Məqsəd daha bioloji cəhətdən real və adaptiv süni sistemlər yaratmaqdır.

- Bu tədqiqatınızın nevrologiya sahəsinə hansı töhfələri ola bilər?

- Bu cür modellər nevrologiyada öyrənmə və yaddaş mexanizmlərinin daha yaxşı anlaşılmasına kömək edə bilər. Xüsusilə neyron əlaqələrinin güclənməsi və zəifləməsi kimi proseslərin simulyasiyası bəzi nevroloji xəstəliklərin öyrənilməsində faydalı ola bilər.

- Yaşlanmanın insan beyni üzərində təsirləri ilə bağlı hansı maraqlı nəticələr əldə etmisiniz?

- Araşdırmalarım göstərir ki, yaş artdıqca neyron əlaqələrinin elastikliyi azalır və sistem daha “sabit”, lakin daha az adaptiv olur. Bu, öyrənmə sürətinin azalmasına səbəb ola bilər. Eyni zamanda, bəzi hallarda bu sabitlik müəyyən biliklərin qorunmasına kömək edir.

- Süni intellekt və beyin araşdırmalarının kəsişməsi sizcə gələcəkdə hansı yeniliklərə yol aça bilər?

- Bu sahələrin kəsişməsi daha ağıllı və adaptiv süni sistemlərin yaranmasına səbəb ola bilər. Eyni zamanda, beyin xəstəliklərinin erkən diaqnostikası və fərdiləşdirilmiş müalicə üsullarının inkişafı üçün yeni imkanlar açır. Uzun müddətdə isə insan və maşın inteqrasiyasına doğru inkişaf mümkündür.

- Gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərməyi planlaşdırırsınız?

- Gələcəkdə süni intellekt sahəsində tədqiqatlarımı davam etdirməyi planlaşdırıram. Xüsusilə tibbi tətbiqlər və insan bədəninin 3D modelləşdirilməsi üzrə işləmək istəyirəm. Akademik və sənaye sahələrinin kəsişməsində fəaliyyət göstərmək əsas hədəflərimdəndir.

- Azərbaycana qayıdıb bu sahədə fəaliyyət göstərmək planlarınız varmı?

- Bəli, gələcəkdə Azərbaycana qayıdaraq əldə etdiyim bilik və təcrübəni ölkəmdə tətbiq etmək istəyirəm. Xüsusilə süni intellekt sahəsində hal-hazırda aktiv olan və planlaşdırılan layihələrdə iştirak etmək ən qabaqcıl hədəflərimdəndir.

- Gənclərə, xüsusilə də süni intellekt və elm sahəsinə marağı olanlara nə tövsiyə edərdiniz?

- Gənclərə tövsiyəm odur ki, erkən mərhələdən etibarən praktiki layihələr üzərində işləsinlər və davamlı öyrənmə vərdişi qazansınlar. Mən gənclərə təkcə elmi yox, həmçinin dünya görüşlərini inkişaf etdirmək üçün davamlı şəkildə müxtəlif janrlardan kitablar oxumağı tövsiyə edirəm. Süni intellekt sahəsi sürətlə inkişaf edir və burada uğur qazanmaq üçün həm nəzəri bilik, həm də praktiki təcrübə vacibdir. Eyni zamanda, səbirli, məqsədyönlü və planlı şəkildə addımlar atmaq bu yolda ən önəmli faktorlardandır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
azertag.az

3Mənbələr