“Fars körfəzi neft istehsalçılarının istehsalı müharibədən əvvəlki səviyyədə tam bərpa etməsi üçün dörd aya qədər vaxt lazım olacaq”.
Bunu Küveyt Neft Korporasiyasının baş direktoru Şeyx Nəvaf əs-Sabah bildirib. O qeyd edib ki, müharibədən əvvəl Küveyt gündə təxminən 2,6 milyon barel neft hasil edirdi:
““OPEC”-in ən böyük istehsalçıları arasında beşinci yeri tuturdu. İstehsalın əsas hissəsi bir neçə həftə ərzində başlayacaq və tam hasilatın üç-dörd ay ərzində baş tutacağı gözlənilir".
Maraqlıdır ki, Fars körfəzi ölkələrində neft hasilatının tam bərpası üçün 3–4 ay vaxt tələb olunması qlobal enerji bazarlarına və neft qiymətlərinə qısa və orta müddətdə necə təsir göstərə bilər?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Fars Körfəzi ölkələrində neft hasilatının tam bərpası üçün təxminən 3–4 ay vaxtın tələb olunması qlobal enerji bazarlarında qısa və ortamüddətli təsirlərə səbəb olacaq:

“Qısa müddətdə təklifin məhdud qalması neft qiymətlərinin yüksək və volatilliyini qoruyacaq, risk premiyası bazarda qalmağa davam edəcək. Orta müddətdə hasilatın tədricən bərpası ilə təklif artacaq və qiymətlərdə yumşalma müşahidə olunacaq, bazar daha stabil hala gələcək.
Küveytin gündəlik 2,6 milyon barel həcmində istehsala qayıtması “OPEC” daxilində balansı yenidən formalaşdıracaq. Əsas istehsalçı ölkələr bazarı tarazlamaq üçün hasilat məhdudiyyətlərini davam etdirməyə çalışacaq.
Əgər digər ölkələr də hasilatı artırarsa, “OPEC” daxilində daxili rəqabət güclənəcək və yeni razılaşmalar gündəmə gələ bilər. Müharibədən sonra neft hasilatının mərhələli şəkildə bərpası idxaldan asılı ölkələrin enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Təchizatın sabitləşməsi ilə strateji ehtiyatlardan istifadə ehtiyacı azalacaq. Eyni zamanda enerji xərclərinin tədricən enməsi inflyasiyanın aşağı düşməsinə və iqtisadi sabitliyə töhfə verəcək. Lakin prosesin sürəti bazar və qiymət davranışına birbaşa təsir edəcək”.
Ekspert qeyd edir ki, qlobal enerji bazarları hazırda balans və sabitlik istiqamətində diqqətli izlənilir və qiymətlərin dinamikası regionda hasilatın bərpası ilə sıx bağlı olacaq.