AZ

Deputat: “Mühammədhəsən Bağırzadə barəsində cinayət təqibi Taleh Bağırzadənin oğlu olduğu üçün deyil, əməlinə qiymət verilməsi üçün başlanılıb”

“2015-ci ildə Nardaran hadisələrindən sonra məsuliyyətə cəlb olunan və 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilən Taleh Bağırzadənin oğlu münaqişə obyekti olub. 17 yaşlı gənc bir qıza xəsarət yetirərək onun burnunun sınmasına səbəb olub. Təbii ki, bu hadisə həmin gəncin törətdiyi əməl onun kimin oğlu, kimin yaxını olmasından asılı olmayaraq cinayət əməli kimi araşdırma predmetidir. Qarşı tərəfin şikayəti əsasında mövcud fakta görə cinayət işi açılıb. Mühammədhəsən Bağırzadə  Taleh Bağırzadənin oğlu olduğu üçün deyil, faktla təsdiq olunmuş əməlinə qiymət verilməsi üçün onunla bağlı cinayət təqibi başlanılıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

 

Deputat bildirib ki, gələcəkdə bu araşdırmaların cinayət əməli sübut olunacaqsa, cinayət işinin açılması ilə bağlı qərar verilə bilər: “Ailə üzvlərinin, eləcə də Taleh Bağırzadənin ətrafındakıların, radikal müxalif camiənın nə deməsindən asılı olmayaraq bu hadisə araşdırma predmeti ola biləcək hadisədir. Gəncin əməlinə hüquq-mühafizə orqanları tərəfindən qiymət verilməlidir. İstər vəzifədə olsun, istərsə də həbs həyatı yaşasın, kiminsə oğlu olmaq həmin şəxsi məsuliyyətdən azad edə bilməz. Hadisənin obyektiv araşdırılacağına inanıram. Bir daha qeyd edirəm, araşdırma aparılması onun Taleh Bağırzadənin oğlu olduğu üçün deyil. Gəncin xəsarət yetirdiyi tərəf var. Zərərçəkənin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hüquq-mühafizə orqanı da məsələyə baxıb, hadisəni real qiymətləndirməyə borcludur”.

 

Qeyd: Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb. Belə ki, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Aprel 2026, 16:17   
Seçilən
35
pravda.az

1Mənbələr