AZ

Ermənistanın iqtisadi reallığı: Rusiya bazarı olmadan ciddi zərbə qaçılmazdır

Rəqəmlər göstərir ki, Ermənistan iqtisadiyyatı hələ də Rusiyadan ciddi asılıdır.

Musavat.com erməni mənbələrinə istinadən xəbər verir ki, yerli iqtisadçı Aqasi Tavadyanın təhlilinə görə, Ermənistanın Rusiya bazarından imtina etməsi ölkə iqtisadiyyatı üçün müəyyən nəticələr doğura bilər.

Onun sözlərinə görə, son illərdə qeydə alınan iqtisadi artım keyfiyyətli struktur dəyişiklikləri ilə deyil, əsasən xarici faktorlarla, xüsusilə də Rusiya ilə bağlı proseslərlə formalaşıb.

Statistik göstəricilər bunu açıq şəkildə təsdiqləyir. Belə ki, 2018-ci ildən sonra Ermənistanın Rusiya və Aİİ ölkələrinə ixracı 5 dəfədən çox artıb, halbuki Avropa İttifaqına ixrac cəmi 5% artım göstərib.

Əgər əvvəllər ixrac təxminən bərabər bölünürdüsə (təxminən 30% Aİ, 30% Aİİ), hazırda Aİİ-nin payı 40%-dən yuxarı, Aİ-nin payı isə 7–8%-ə qədər enib.

İqtisadçı vurğulayır ki, bu şəraitdə Rusiya bazarının itirilməsi Ermənistan üçün “müqayisəolunmaz dərəcədə daha ağrılı” olacaq.

2022-ci ildə qeydə alınan 12,6%-lik iqtisadi artımın əsas səbəbləri də diqqət çəkir:

  • Rusiyadan kapital və işçi qüvvəsinin kütləvi axını,
  • İT və bank sektorunun sürətli böyüməsi,
  • Turizmin artması (əsasən Rusiyadan gələnlər hesabına).

Bu isə onu göstərir ki, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi daxili istehsal deyil, xarici amillər olub.

Enerji məsələsində də vəziyyət oxşardır. Ermənistan qazı və bir çox enerji resurslarını Rusiyadan alır və bu, ölkəni qlobal enerji böhranlarından qismən qoruyur. Alternativ mənbələr isə məhdud imkanlara malikdir.

Məsələn, İran qazı texniki və infrastruktur səbəblərinə görə tam alternativ hesab edilmir. Mövcud boru kəmərinin gücü məhduddur və o da faktiki olaraq Rusiyanın nəzarətində olan şirkət tərəfindən idarə olunur.

Kənd təsərrüfatı sahəsində asılılıq daha da yüksəkdir. Rəqəmlərə görə:

  • Ermənistanın kənd təsərrüfatı məhsullarının 80–90%-i Rusiya bazarında satılır,
  • ümumilikdə yerli istehsal mallarının 70–80%-i Rusiyaya ixrac olunur.

Bu səbəbdən Rusiya bazarının bağlanması və ya məhdudlaşdırılması Ermənistan üçün son dərəcə ağır iqtisadi zərbə ola bilər.

Erməni iqtisadçı hesab edir ki, mövcud model uzunmüddətli perspektivdə risklidir və ölkə ixrac strukturunu dəyişərək daha yüksək əlavə dəyərli məhsullara keçməlidir.

Erməni təhlilçini fikrincə, təqdim olunan rəqəmlər göstərir ki, Ermənistanın iqtisadi sistemi hazırda ciddi şəkildə Rusiya ilə inteqrasiya olunub və bu asılılıq qısa müddətdə aradan qaldırıla biləcək səviyyədə deyil.

Musavat.com

 

Seçilən
9
musavat.com

1Mənbələr