AZ

ABŞ İran müharibəsi ilə bağlı YENİ MƏQAMLAR KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran və ABŞ arasında elan olunan 15 günlük atəşkəs regionda münaqişənin səngiməsi üçün müəyyən ümidlər yaratsa da, tərəflərin bir-birinə zidd mövqeləri və qarşılıqlı etimadsızlıq bu prosesin gələcəyini qeyri-müəyyən edir. Rəsmi açıqlamalarda sülhə yaxınlaşma mesajları verilsə də, real danışıqların nəticə verib-verməyəcəyi hələ də açıq qalır.

Bəs bu qısa müddətli atəşkəs tərəflər arasında real razılaşmaya gətirib çıxara biləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda həm ABŞ, həm də İran tərəfindən səsləndirilən mövqelər bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edir.

“ABŞ tərəfindən 15 bənddən ibarət şərtlər paketi irəli sürüldüyü halda, İran da 10 bəndlik öz tələblər paketini təqdim edib. Lakin Donald Trampın iddialarının əksinə olaraq, Tehran bu şərtlər üzərində ciddi razılaşmanın əldə olunmadığını vurğulayır.

Hazırda faktiki olaraq yalnız atəşkəs elan olunub və onun icrası da tam təmin edilmir. Rəsmi olaraq atəşkəsin ayın 10-dan qüvvəyə minəcəyi bildirilsə də, bu müddət ərzində tərəflərin real sülh prosesinə başlamaq üçün ciddi razılaşmalar əldə etməsi vacibdir. Əks halda, hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı yüksək olaraq qalır”.

Ekspertin fikrincə, əsas problem ondan ibarətdir ki, İran ABŞ-ın bir çox şərtlərini qəbul etmək istəmir, eyni zamanda Ağ Ev də Tehranın tələblərinə müsbət yanaşmır.

“Bu isə iki həftəlik fasilənin real nəticə vermə ehtimalını xeyli azaldır. Belə bir vəziyyətdə bu atəşkəsin Yaxın Şərqə davamlı sülh gətirəcəyini demək çətindir və buna qəti pozitiv cavab vermək mümkün deyil”, – deyə o, vurğulayıb.

Bundan əlavə, son hadisələr fonunda tərəflər arasında planlaşdırılan ilk görüşün – Pakistan ərazisində keçirilməsi nəzərdə tutulan danışıqların təxirə salındığı da bildirilir. Bu isə proseslərin daha çox gərginləşmə istiqamətində inkişaf etdiyini göstərir.

“Mövcud şəraitdə ABŞ-ın hərbi əməliyyatları yenidən bərpa etməsi ehtimalı kifayət qədər yüksəkdir. Vaşinqtonun əsas hədəfi olan İranın nüvə proqramı ilə bağlı hələ də hər hansı ciddi razılaşma əldə olunmayıb. ABŞ məhz bu tələblərin yerinə yetirilməməsi səbəbindən hərbi əməliyyatlara başladığından, Ağ Evin yenidən eyni addımı atmaq məcburiyyətində qalması istisna deyil”.

Beləliklə, ekspertin qiymətləndirməsinə görə, hazırkı atəşkəs daha çox müvəqqəti fasilə xarakteri daşıyır və tərəflər arasında fundamental razılaşmalar əldə olunmadığı təqdirdə, regionda gərginliyin yenidən artması qaçılmaz görünür.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
konkret.az

2Mənbələr