AZ

Xocavənddə müasir telekommunikasiya şəbəkəsi qurulur

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xocavənd, 9 aprel, AZƏRTAC

İşğaldan azad olunan Xocavənd rayonunun 4496 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Qırmızı Bazar və Hadrut qəsəbələri, Sos, Xocavənd, Quzeyxırman, Güneyxırman, Xanoba və Tağverdi kəndlərində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən texnoloji avadanlıqlar quraşdırılaraq istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib.

Onun sözlərinə görə, Xocavənd rayonu ərazisində internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ümumi olaraq 344 ev təsərrüfatı və 14 biznes subyektini əhatə edib. Həmçinin Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.

Qeyd edək ki, azad edilmiş ərazilərdə ümumilikdə 9 şəhər, 29 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 8905 yeni abunəçi (,422 ev təsərrüfatı və 483 biznes subyekti) şəbəkəyə qoşulub.

Beləliklə, GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfatı və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.

Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xocavənd şöbəsinə (Ünvan: Xocavənd şəhəri, Azadlıq küç.), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Rayon sakinləri də yeni xidmətlərin gündəlik həyatlarında rahatlıq yaratdığını bildirirlər. Xocavənd sakini Qeyrət Quliyev deyib ki, internetə çıxışın təmin olunması həm informasiya əldə etmək, həm də fasiləsiz əlaqə saxlamaq baxımından böyük əhəmiyyət daşıyır: “Uzun müddətdən sonra doğma yurda qayıtmışıq. Burada internetin olması bizim üçün çox vacibdir. Bura gələn gündən internetimiz var. Həm gündəlik işlərimizi rahat həll edirik, həm də yaxınlarımızla əlaqə saxlamaq daha asan olub.”

Digər sakin Dəstəgül Quliyeva isə qeyd edib ki, müasir rabitə xidmətləri onlayn imkanlardan istifadə baxımından mühüm rol oynayır: “Biz fevralın 20-də bura köçdük, həmin vaxt evlərə internet çəkilirdi, müraciət edən kimi bizim də evə internet çəkdilər. Çox yaxşı sürətli işləyir. İnternetin çəkilməsi bizim üçün çox sevindirici haldır, bir çox məlumat və xidmətlərdən istifadə edə bilirik. Bu xidmətlər burada həyatın bərpasının vacib hissəsidir”.

Müxbir - Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr