AZ

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Rabitəbank” ASC arasında əməkdaşlıq müqaviləsi imzalandı FOTO

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Rabitəbank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin imzalayıblar.

İmzalama mərasimi zamanı Rövşən İsmayılov bildirib ki, “Banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir”.

Orhan Gültekin isə qeyd edib ki, “Rabitəbank olaraq dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat prinsiplərini dəstəkləyən təşəbbüslərdə aktiv iştirak etmək bankın strateji prioritetlərindən biridir. O vurğulayıb ki, Enerji Effektivliyi Fondunun təqdim etdiyi imkanlar çərçivəsində həyata keçiriləcək layihələr yalnız iqtisadi baxımdan deyil, eyni zamanda ekoloji dayanıqlılıq baxımından da böyük əhəmiyyət daşıyır. Biz inanırıq ki, həm biznes subyektləri, həm də fərdi müştərilər üçün əlçatan olacaq bu mexanizm enerji xərclərinin optimallaşdırılmasına, innovativ texnologiyaların tətbiqinə və ümumilikdə ölkədə enerji effektivliyi mədəniyyətinin formalaşmasına töhfə verəcək”.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publikhüquqi şəxs statusu ilə yaradılıb.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
6
redaktor.az

7Mənbələr