Bakı, 9 aprel, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Xocavənd rayonunun 4,496 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos, Xocavənd, Quzeyxırman, Güneyxırman, Xanoba və Tağverdi kəndlərində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən texnoloji avadanlıqlar quraşdırılaraq istifadəyə verilib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, nəticə etibarilə Xocavənd rayonu ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 344 ev təsərrüfatı və 14 biznes subyektini əhatə edib.
Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1,000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.
Qeyd edək ki, azad edilmiş ərazilərdə ümumilikdə 9 şəhər, 29 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 8,905 yeni abunəçi (8,422 ev təsərrüfatı və 483 biznes subyekti) şəbəkəyə qoşulub. Beləliklə, GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfatı və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.