Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 20,24 ABŞ dolları və ya 14,4% azalaraq 120,44 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 140,68 ABŞ dolları təşkil edib.
ABŞ İranın mülki infrastrukturuna mümkün zərbələri iki həftə təxirə salıb. Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb. Neft bazarları qlobal xarakter daşıyır və bazardakı qiymətlərə tələb–təklif balansı birbaşa təsir edir. Təklif nöqteyi-nəzərindən qiymətlərə birbaşa təsir edən əsas amillər də Hörmüz boğazından gəmilərin keçməsinə maneələrin yaradılması və region ölkələrinin (Səudiyyə Ərəbistanı, Küveyt, İraq) hasilatının məhdudlaşdırılmasıdır. İkinci isə öz növbəsində iki səbəbdən baş verə bilər: ixrac imkanlarının məhdudlaşdırılması və hasilat infrastrukturuna hücum təhdidlərinin mövcudluğu. Bundan sonra neftimiz hara qədər ucuzlaşa bilər?
İqtisadçı-alim Vüsalə Hüseynova mövzu ilə bağlı Musavat.com-a deyib ki, hazırkı vəziyyətdə “Azeri Light” markalı neftin uculaşması onu göstərir ki, bazarda hələ də ciddi geosiyasi risk qalmaqda davam edir: “ABŞ-İran münaqişəsinin tam həllini tapmaması qiymətləri süni şəkildə yüksək saxlayır. ABŞ-ın İran infrastrukturuna zərbələri təxirə salması, bazarda gərginliyi bir qədər azaltdı və qiymətlərdə enmə görüldü. Əgər regionda risklər azalarsa, məsələn, ABŞ və İran arasında eskalasiya baş verməzsə qiymətlər sürətlə aşağı düşəcək. Məsələn, 120-125 dollar/barel real ilkin qiymət səviyyəsi ola bilər. Sonrasında isə, böyük müharibə olmazsa və bazar tədricən sabitləşərsə, hətta münaqişədən əvvəlki qiymət səviyyəsinə, yəni, 80-90 dollara qədər ucuzlaşma gözləniləndir”.
İqtisadçı əlavə edib ki, OPEC+ ölkələrinin hasilat siyasəti də qiymətlərə təsir edir: “Əsas istehsalçılar olan Səudiyyə Ərəbistanı, Küveyt və İraq hasilatı artırarsa, təklif artacağı üçün qiymət bir qədər də aşağı düşə bilər. Əgər tam əksinə, vəziyyət daha da gərginləşərsə, xüsusilə Hörmüz boğazı ətrafında risklər qalmaqda davam edərsə və ya İran ilə ABŞ arasında hərbi toqquşma yenidən baş verərsə, neft ixracı təkrar təhlükə altına düşəcək. Bu halda qiymət düşünürəm ki, 130-150 dollar/barel aralığında olacaq. Azərbaycanın 2026-cı il büdcəsində neftin qiyməti 65 dollar/barel götürülüb. Bu yanaşma maliyyə baxımından riskləri azaltmaq üçün konservativ strategiya sayılır. Bu səbəbdən, neftin qiyməti ortalama hətta 90-100 dollar aralığında olsa belə bu, büdcə üçün yenə də böyük əlavə gəlir deməkdir”.
Afaq Mirayiq,
Musavat.com