Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı tədricən avtomobillərdən çox insanlar üçün qurulan şəhərə çevriləcək.
BAKU.WS-in məlumatına görə, səs-küylü küçələr, sıx tıxaclar və riskli keçidlər yerini daha təhlükəsiz, rahat və müasir piyada mühitinə verəcək.
Baş planda qeyd edildiyi kimi, paytaxtın mərkəzində planlaşdırılan yeni dəyişikliklər yaxın illərdə şəhərin ritmini köklü şəkildə dəyişəcək.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, əsas planlardan biri Bakı üçün 2027-ci ilədək geniş piyada şəbəkəsinin qurulmasıdır:
"Xüsusilə şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur. Bu, təkcə yeni səkilər deyil, həm də bütöv urban mühitin dəyişməsi deməkdir. Qərarlar qüvvəyə mindikdən sonra mərkəzi ərazilərdə sürət həddinin 50 km/saata endirilməsi planlaşdırılır. Bu addım həm yol-nəqliyyat hadisələrinin sayını azaltmağa, həm də piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa xidmət edəcək.
Piyada zonasının cənuba doğru genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, hazırda məhdud olan piyada əraziləri daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz piyada marşrutları formalaşacaq.
Tarixi ərazilərdən biri – Neftçilər prospektinin şimalı və Bülbül prospektinin qərbini əhatə edən zona avtomobilsiz "sakit zona"ya çevriləcək. Burada nəqliyyat əsas küçələrə yönləndiriləcək, daxili ərazi isə yalnız piyadalar üçün açıq olacaq. Bu yanaşma Avropanın bir çox şəhərlərində artıq uğurla tətbiq olunur".
Ekspert əlavə edib ki, piyada zonasının digər mərkəzi hissələrlə inteqrasiyası planlaşdırılır və müxtəlif nöqtələr arasında avtomobilsiz sahələr yaradılacaq:
"Bu isə şəhər daxilində piyada hərəkətini daha rahat və məntiqi edəcək. Yaxın küçələr "sakit küçə" formatına keçiriləcək. Bu format çərçivəsində nəqliyyatın sürəti minimuma endirilir, piyadaların üstünlüyü təmin olunur və ictimai məkanlar arasında əlaqə gücləndirilir.
Yerli küçələrdə sürət həddi 30 km/saat olacaq. Bu, xüsusilə yaşayış zonalarında təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracaq. Magistral küçələrdə isə əlavə piyada keçidləri yaradılacaq və mövcud keçidlər optimallaşdırılacaq. Bu da piyadaların yolu daha rahat və təhlükəsiz keçməsinə imkan verəcək.
2027-ci ilə qədər konkret hədəflər də müəyyənləşdirilib:
5.9 km uzunluğunda avtomobilsiz küçələr
7.4 km uzunluğunda 30 km/saat rejimli küçələr
piyada keçidlərinin sayı 149-dan 178-ə çatdırılacaq
Bütün bu dəyişikliklər nəticəsində Bakı şəhər mərkəzində piyada hərəkətinin daha təhlükəsiz, rahat və fasiləsiz olması hədəflənir. Bu isə paytaxtın həm sakinləri, həm də turistlər üçün daha cəlbedici şəhərə çevrilməsi deməkdir".
Orxan Hüseyn
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.