Bakı, 9 aprel, AZƏRTAC
Sabitliyin, təhlükəsizliyin qorunması Azərbaycanın həyata keçirdiyi siyasətin əsas tərkib hissələridir. Daim sülhün tərəfdarı olan ölkəmizin ədalətin və beynəlxalq hüququn təmin edilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə dünyanın diqqətindədir. Azərbaycan dövlətinin göstərdiyi səylər, qətiyyət özündə mühüm çağırışları ehtiva edir. Torpaqları işğal edilən, bir milyondan çox əhalisi qaçqın və köçkün vəziyyətinə düşən Azərbaycan olduğu halda dünyanın əksər gücləri Ermənistana maddi və mənəvi dəstək göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin işğalçının adını çağırmadan sülh danışıqlarının uğurlu nəticələr verəcəyi ilə bağlı qeyri-real düşüncələri sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Minsk qrupu 30 illik işğal dövründə fəaliyyətini yalnız regiona nəticəsiz səfərlər etməkdə, danışıq xatirinə danışıqların təşkilində gördü. Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, bizim danışıq xatirinə danışıq aparmaq fikrimiz yoxdur. Azərbaycanın əsas çağırışlarından biri bu idi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunu seçəcəyimiz şəksizdir. Azərbaycan düşmənlə mübarizədə informasiya cəbhəsi ilə yanaşı, döyüş meydanında da qələbə qazanacağına tam əmin idi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışını edən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı iqtisadi uğurlar bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirdi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının, döyüş ruhunun artırılması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter aldı. Bu gün əminliklə qeyd edirik ki, Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir. Bu reallıq Azərbaycanın keçdiyi yolun təqdimatıdır.
Deputatın fikrincə, son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsini həyata keçirdiyi siyasətin önündə saxlayaraq Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inamla tarixi Zəfərə doğru apardı. Prezidentlik dövrünun 17 ili ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə hazırlığa həsr edildi. Ölkəmiz bütün sahələrdə daha da gücləndi, diplomatik uğurlarımızın miqyası genişləndi, ordumuz Qələbəyə hazırlandı. Gənclərin vətənpərvəlik ruhunda tərbiyəsi əsas prioritetlər sırasında oldu. 44 gündə Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi dövlətimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyətinin təqdimatı oldu. 44 günün hər günü Azərbaycan tarixinə uğur, zəfər səhifəsi kimi yazıldı.
Vüqar Rəhimzadə vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən lokal antiterror əməliyyatına qədər keçən dövrün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu, Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda ucaldıldı. Bununla da qalib, bütövləşən Azərbaycanın həyatında yeni dövr başladı.
Parlaq, tam və mütləq Qələbə
“Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın mövqeyinə verilən önəm səbəbsiz deyil. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll edilməsinə səy göstərir. Azərbaycanın dünyaya nümayiş etdirdiyi sülh təcrübəsi hazırda keçirilən bütün beynəlxalq tədbirlərdə təqdir edilir, nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda bu uğurumuzu xüsusi qeyd etdi. Bildirdi ki, biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu”, - deyə V.Rəhimzadə vurğulayıb.
O qeyd edib ki, artıq 4 ildir Rusiya ilə Ukrayna arasında müharibə gedir. Saysız-hesabsız itkilərlə, iqtisadiyyatın, infrastrukturun məhvi ilə müşayiət olunan bu müharibənin başa çatacağına hələ də ümid yoxdur. Həmçinin ilk saatlarında qısa müddətdə başa çatacağı düşünülən ABŞ, İsrail- İran müharibəsinin artıq 40 gündür davam etməsi, atəşkəs və sülh təşəbbüslərinin hansı nəticə verəcəyi hələ ki, bəlli deyil. Bu müharibənin gedişində münaqişə tərəfi olan ölkələrlə yanaşı, dünya iqtisadiyyatına dəyən ziyan və qeyri-müəyyənlik diqqətdən kənarda qalmır. Bütün bunların fonunda Azərbaycanın 44 gün ərzində tarixi Zəfərə imza ataraq mütləq Qələbənin nümunəsini təqdim etməsindən hər birimiz böyük qürur hissi ilə bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, son beş ildə dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.