AZ

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaxın Şərqdə münaqişədən təsirlənən iqtisadiyyatlara dəstək məqsədilə yeni proqram çərçivəsində 2026-cı ildə 5 milyard avro investisiya yatırmağı planlaşdırır.

Heftelik.az xəbər verir ki, bu barədə AYİB-in açıqlamasında bildirilib.

Bankın açıqlamasına görə, proqram birbaşa və dolayı təsirlərə məruz qalan ölkələri əhatə edir. Bu ölkələr sırasında Azərbaycan da yer alır. AYİB-in diqqəti əsasən İraq, İordaniya, Livan, Qərb Sahili və Qəzzaya yönəlsə də, təsirin yayıldığı qonşu ölkələr; o cümlədən Azərbaycan, Misir, Türkiyə və Ermənistan da proqramın əhatə dairəsinə daxildir.

Qeyd olunur ki, Yaxın Şərqdə davam edən münaqişə artıq bir sıra iqtisadiyyatlara təsir göstərir. Bu təsirlər ticarət marşrutlarının pozulması, enerji və əmtəə bazarlarında şoklar, investor inamının zəifləməsi və əhali üçün əlavə xərclərin yaranması ilə müşayiət olunur. Bununla yanaşı, təsirin miqyası vəziyyətin yaxın aylarda necə inkişaf edəcəyindən asılı olacaq.

AYİB bildirir ki, investisiyaların həcmi sabit olmayacaq və vəziyyətin dinamikasına uyğun olaraq formalaşacaq. Bank eyni zamanda iqtisadi təhlükəsizlik risklərindən və makroiqtisadi təsirlərdən zərər görən digər fəaliyyət ölkələrinə də dəstək göstərməyə hazırdır.

AYİB-in prezidenti Odil Reno-Basso qeyd edib ki, qurum qeyri-müəyyənlik dövründə əks-tsiklik dəstək göstərmək imkanına malikdir və digər maliyyə institutlarının geri çəkildiyi şəraitdə fəaliyyətini genişləndirir.

Proqram iki mərhələdən ibarət olacaq. İlk mərhələdə iqtisadi aktivliyin dəstəklənməsi, maliyyə sektorunun sabitləşdirilməsi və əsas xidmətlərin fasiləsizliyinin təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə dayanıqlı bərpa və iqtisadi artım üçün əsasların yaradılması hədəflənir.

Enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qısa müddətdə enerji şirkətlərinə likvidlik dəstəyi veriləcək, uzunmüddətli perspektivdə isə daha şaxələndirilmiş və dayanıqlı enerji sistemlərinə keçid sürətləndiriləcək. Dövlət müəssisələrinə dəstək isə əsas xidmətlərin davamlılığını təmin etməklə yanaşı, uzunmüddətli islahatlara töhfə verəcək.

Özəl sektorda isə enerji bazarlarında və aqrar-ərzaq zəncirlərində yaranan pozuntuların təsirini azaltmaq üçün şirkətlərə dövriyyə kapitalı və likvidlik dəstəyi təqdim ediləcək. Uzunmüddətli dövrdə infrastruktur, ticarət marşrutları, ərzaq təhlükəsizliyi və rəqəmsal həllər üzrə investisiyalar genişləndiriləcək.

AYİB-in investisiya fəaliyyəti siyasət dialoqu, texniki yardım və məsləhət xidmətləri ilə müşayiət olunacaq. Bank hökumətlər, donorlar və beynəlxalq maliyyə institutları ilə koordinasiyalı şəkildə çalışaraq əlavə maliyyə resurslarının səfərbər edilməsinə də çalışacaq.

Qeyd edək ki, AYİB 2012-ci ildən bəri cənub və şərqi Aralıq dənizi regionunda 489 layihə üzrə 26,5 milyard avrodan çox investisiya yatırıb. Türkiyəyə isə Bank 2009-cu ildən etibarən 23 milyard avrodan artıq vəsait yönəldib.

Seçilən
9
7
heftelik.az

8Mənbələr