AZ

Yuvasını yandıran vulkan

İvan Qonçarovun “Uçurum” romanı haqqında

əvvəli ötən saylarımızda

Bu ara malikanədə Rayskinin arzuladığı, həvəslə axtardığı ehtiras tufanı qopur: Saveli adlı mujik arvadı Marinanı ayağısürüşkənliyinə görə möhkəmcə döyür. Nənə boynuna alır ki, nökər-qaravaş hamılıqla zinaya qurşanıb, həmin bu Marina isə heç bir çərçivəyə sığmır, belə getsə, əri onu öldürəcək. Mülkədarlar arasında da macəra həvəskarları var: məsələn, nənənin daimi qonağı, yaşlı dul qadın Polina Karpovna Kritskaya xoşlayır ki, kimsə ona vurulsun, say-seçmə cavanlar arxasınca gəzsinlər, o da onları yedəyində hərləsin; iki daşın arasında hətta Rayskiyə də qarmaq atmağa fürsət tapıb, amma insafən, onunku sözdən o yana keçmir.

Rayski Kozlovun evinə pəncərədən girən Mark Voloxovla tanış olur. Mark hər cür adət-ənənənin, hətta qanun-qaydanın belə əleyhinə gedən tipdir. Boris ona nənəliyinin yanında şam eləmək təklifi verir, mühafizəkar nənəninsə, təbii ki, Markdan zəhləsi gedir. Sözü üzə qırmızı deyən Mark söhbət əsnasında Rayskini uğursuz adam adlandırır.

Vera qonaq getdiyi yerdən qayıdanda Rayski görür ki, bacıların bir-birinə oxşarı yoxdur. Anlayır ki, hələ uşaqlıq yuxusundan ayılmamış Marfadan ona yar olası deyil, odur ki, qarasaç, qaragöz Veranı izləməyə başlayır. Onu yalnız yandırıcı gözəllik, dağıdıcı ehtiras maraqlandırır. Bu vaxt onun qənaətinin təsdiqi kimi Marfanın dostu gənc mülkədar Vikentyev də qonaq gəlir - onlar bir-birinə çox yaraşırlar, hər ikisi həyatla dolu qaynayan qab kimidir. Getdikcə qonaqlar artır, hər birinin də öz xasiyyəti, öz taleyi, öz tarixçəsi var.

Rayski əyalət mühitində darıxır. Şəhəri bir az dolaşıb Kozlovun evinə dönür, dəhlizdə duyuq düşür ki, Leontinin arvadının yanında başqa kişi var, ona görə də qapıdan qayıdır. Oradan Voloxovun yanına gedir. Mark onunla mərcə girir ki, uzağı iki həftəyə Boris Pavloviç buralarda kiməsə vurulacaq.

Vera Rayskidən qaçır, o isə gecə-gündüz ondan gen gəzən bu qız haqqında düşünür. Nəhayət, onlar açılışırlar, Vera qəti şəkildə bildirir ki, əgər qohumu ona sərbəstlik verməsə, onu təqib eləməkdən əl çəkməsə, buralardan çıxıb gedəcək. Rayski Veranın bu qədər cəsarəti haradan aldığına, azadlıq şüuruna, iradəsinə necə yiyələndiyinə təəccüblənir. Axırda qohumlar sözləşirlər ki, dost olsunlar. İkinci bölüm bununla başa çatır.

***

Ondan sonra Rayski Vera haqda düşünməmək üçün cürbəcür üsullarla başını qatır, əkin-biçin sahələrinə baş çəkir, özünü ağa kimi aparmağa çalışır. Bazar günü nənənin bir qoşun qonağı gəlir. Onlardan ən məşhuru Nil Andreyeviç Tıçkovdur - palata sədri, şəhərdə hamının tanıdığı, mənəviyyat etalonu saydığı adam. Tıçkov məclisdə dul qadın Kritskayanı ələ salır, onu, demək olar, təhqir eləyir. Rayski dözməyib Tıçkovun olmayan abrını ətəyinə bükür, rüşvətxorluğu, haramxorluğuyla şəhərdə ad çıxardığını, bir vaxt fırıldaq işlədib sərvətini taladığı doğmaca qardaşı qızını dəlixanaya basdırdığını onun yadına salır. Nil Andreyeviç coşub özündən çıxır, Tatyana Markovna hətərən-pətərən danışmağa başlayan qocanı evindən qovur, nənənin mərdliyinə heyran qalan Rayski onu qucaqlayıb öpür. Vera isə cəsarətinə görə Rayskiyə bir öpüş bəxşiş verir. Tıçkovun qırx illik zəhmi bir həmlədə puça çıxır.

Bu hadisədən sonra Vera Borisdən çəkinməməyə, ona yaxınlıq verməyə başlayır. Bir qadın kimi Rayskiyə laqeyd olsa da, onunla söhbətləşmək, fikir bölüşmək Veraya xoş gəlir. Bu arada Rayski nənənin də portretini çəkməyə girişir. Bütün bu portretlər həm də rəmzi mahiyyət daşıyır, yazıçının yaratdığı obrazların xarakterik cizgiləri üzərində bir rəssam dəqiqliyi ilə necə işlədiyini simvolizə eləyir.

Voloxovla kəsdiyi mərcin üstündən bir ay keçmiş Rayski geri qayıtmağa dartınır. Vidalaşmaq üçün Leontinin evinə gedəndə Markın da burada olduğunu görür. Mark Borisi cırnatmağa çalışıb deyir ki, tənbəl, uğursuz olduğuna görə yazdığı romanı tamamlaya bilməyəcək, üstəlik də vurulduğunu onun boynuna qoymaq istəyir. Rayski aşiq olduğunu boynundan atmağa, qəlbində közərən duyğunun sönüb getdiyinə hətta özünü inandırmağa çalışsa da, Veranın ondan məktub gizlədiyini görəndə qısqanclığını boğa bilmir, özünü bir növ ələ verir. Vera isə inadla sirrini ondan gizləyir, qohumunu cürbəcür söz oyunlarıyla yanıltmağa, azdırmağa cəhd göstərir.

Xanım Kritskayanın təkidi sayəsində Rayski onun da portretini yaratmağa məcbur olur. Bu da simvolik dildə o deməkdir ki, gerçək yazıçı bir əsər qələmə alanda müəllifin təxəyyülündən həmin əsərə doğru yol gələn obrazlar məqamı çatanda özləri yazıçının qarşısında peyda olurlar, qeybdən zühura gələn personajlar rollarını oynamaq üçün səhnəyə çıxıb, müəllifdən özlərinin surətlərini yaratmağı inadla tələb eləyirlər. Əsər üzərində işləyəndə buna bənzər hisslər keçirdiyini, kölgələr, kabuslar, ruhlarla danışdığını, məchul bir aləmdən verilmiş hansısa sifarişi yerinə yetirdiyini dilə gətirən yazıçılar az olmayıb. Qonçarov bu prosesi bizə obrazlı şəkildə göstərir.

Əyalətə faktiki sürgün olunmuş, ötən ildən bəri polis nəzarəti altında saxlanan Mark Voloxov indi də əhali arasında yasaq kitablar yaymaq ittihamıyla suçlanır. Markın xahişiylə Rayski qubernatorun yanına gedib günahı öz boynuna götürür, cinayətin üstünü malalayır. Bu ara Vera Borisə başqasını sevdiyini etiraf eləyib, yenidən çayın o tayına - keşiş arvadının yanına gedir. Yalqız qalan Rayski qısqanclıqdan özünə yer tapa bilmir, nənənin ağzını arayıb, Veranın kimi sevə biləcəyini öyrənməyə çalışır. Nənə meşəbəyidən şübhələnir. Söhbət Veranın dostluq elədiyi İvan İvanoviç Tuşindən gedir. Tuşinin meşənin ortasında taxta zavodu var, özü də bacısıyla birgə meşədəki evində yaşayır.

Rayskinin xanım Kritskaya ilə çox vaxt keçirməsi şəhərdə şayiələrə səbəb olur. Boris sadədil dostu Leontinin ayağısürüşkən arvadını doğru yola qaytarmaq üçün Kozlovgilə gedir, ancaq onun missiyası tamam tərs effekt verir, Ulyananın yırtıcı ehtirası, hiyləgər şəhvəti qarşısında Rayski də duruş gətirə bilmir, adam gözünü açanda özünü qadının tələsində tapır. Bu iradəsizliyi onu möhkəm sarsıdır, dostunun namusuna ləkə yaxanların sırasında durması Boris Pavloviçin dərdinə dərd artırır, onu öz gözündən salır.

Vera Rayskini inandırır ki, onun qəhrəmanı Tuşin deyil. Bu məsələ aydınlaşandan sonra Vikentyev Marfaya elçi düşür, ertəsi gün oğlanın anası nənənin qapısına gəlir, gənclərin niyyəti rəsmiləşir. Ardınca evdə toya hazırlıq görülməsinə başlanır. Bundan ruhlanan Rayski Verayla anlaşmağa yenidən cəhd göstərir, Vera isə bu fikirdədir ki, qohumu onu sevmir, başqa qadınlara münasibətində olduğu kimi sadəcə könül əyləndirir. Bağçada gəzəndə Boris Verayla təsadüfən qarşılaşır, ancaq qızın görüşə hazırlaşdığını başa düşsə də, Markla görüşdüyünü bilmir. Onlar keçən ilin yayında, Voloxov Veragilin bağından alma oğurlayanda tanış olublar. Bir ildir görüşürlər, özü də harada - uçurumun altında!

***

Üçüncü bölüm Markla Veranın ötənilki tanışlığının tarixçəsiylə bitir, dördüncü hissə hazırkı görüşün təfsilatıyla başlanır. Onlar uçurumun ayağındakı köhnə bir köşkdə görüşürlər. Bir-birini sevsələr də, həyata baxışları daban-dabana ziddir. Vera Markdan gənclərə qadağan olunmuş kitablar verməməyi, dinc oturmağı xahiş eləyir. Voloxov Veranı yalnız ərə getmək barədə düşündüyünə görə qınayır, halbuki ona sevdiyi qızın timsalında yol yoldaşı, könül sirdaşı lazımdır. Niyyətləri üst-üstə düşmədiyinə görə onlar ayrılmaq qərarına gəlirlər.

davamı növbəti sayımızda

F.Uğurlu

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr