AZ

Stadionda tanışını döyən şəxs cinayət məsuliyyətindən azad edildi

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ağa Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 2026-cı ilin yanvar ayının 26-da, saat 11:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən futbol stadionunun həyətində baş verib.

 

Belə ki, Ağa Bəkirovla zərərçəkmiş Yusif Fərəcli (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə zərbə endirib.

 

Hadisə nəticəsində Yusifə sol almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoma xəsarəti yetirilib. Ekspertiza rəyinə əsasən, qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilib.

 

Beləliklə, Ağa Bəkirovun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunub.

 

Məhkəmənin hazırlıq iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Ağa Bəkirov ifadəsində törətdiyi əməldən peşman olduğunu, Yusiflə barışdığını və dəymiş ziyanı tam ödədiyini bildirib. Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

 

Məhkəmə iclasında iştirak edən Yusif Fərəcli də ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini təsdiqləyib və iş üzrə icraata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 10:19   
Seçilən
28
pravda.az

1Mənbələr