AZ

Qala divarının dağılmış hissəsində təcili konservasiya tədbirləri aparılacaq - FOTOLAR

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən dərhal operativ tədbirlər görülüb.

Bu barədə "Unikal"a “İçərişəhər” DTMQİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub: “Mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək”.

Bu yanaşmanın daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunduğu vurğulanıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirib ki, Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib: “Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir. Aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir”.

Seçilən
9
24
unikal.az

3Mənbələr