Avropa İttifaqının (Aİ) Ermənistanla sərhəddə yerləşən müşahidə missiyasının rəhbəri və üzvləri ifşa olunub.
Musavat.com “Hraparak” nəşrinə istinadla xəbər verir ki, avropalı “revizor”ların mülki missiya adı altında Ermənistanda gün keçirdikləri, əyləncə məclisləri qurduqları, vaxtlarını sauna və digər istirahət yerlərinə ayırdıqları üzə çıxıb.
Hətta erməni nəşri buna dair foto sübutlar təqdim edib. Məlumatda deyilir ki, Aİ müşahidəçiləri missiya yerini tərk etdikdən sonra vaxtlarının çox hissəsini əyləncə məkanlarında keçirirlər.
“Hətta ciddi hadisələr qeydə alındıqda belə, yalançı sülhə kölgə salmamaq üçün onları ört-basdır edirlər. Əldə etdiyimiz məlumata görə, 24 fevralda Şorja yaxınlığında müşahidəçilər atəşə tutulub. Onlar iki nəqliyyat vasitəsi ilə sərhəddə patrul xidməti apararkən atəşə tutulublar. Müşahidəçilər təyin olunmuş nişanları taxıblar və səfərləri barədə əvvəlcədən Azərbaycan tərəfini məlumatlandırıblar. İtki baş verməyib, missiya üzvləri dərhal nəqliyyat vasitələrinə qayıdıblar və hadisə barədə Ermənistan və Azərbaycan Xarici İşlər Nazirliklərinə məlumat veriblər. Lakin tərəflərdən heç biri "sülh" prosesinə mane olmaqdan qorxaraq bu barədə açıqlama verməyib”, - deyə “Hraparak” iddia edib.
Xəbərə görə, müşahidə qrupunun rəhbəri Markus Ritter Ermənistanı tərk etdikdən sonra qrup üzvləri özlərini çaşqın vəziyyətdə tapıblar, varlıqlarının mənasız olduğunu anlayıblar və sərhəd nəzarəti əvəzinə vaxtlarını əyləncə mərkəzlərində keçirirlər. Avropalıların ən sevdiyi yerlər Tsaqzordakı "Dahuk" restoranı, Martunidəki "Xrçit" və İrəvandakı saunalardır.
Qeyd edək ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan delimitasiya edilmiş ərazilərdən missiyanın çıxarılmasını təklif edib. Amma Aİ missiyanın regionda 2027-dək qalmasına qərar verib. Rəsmi Bakı Aİ missiyasını casusluqda və regionda sabitliyi pozmaqda ittiham edir, ondan şərti sərhəddə dağıdıcı fəaliyyətini dayandırmağı tələb edir. Rusiya rəsmiləri də bu missiyanın kəşfiyyat şəbəkəsi adlandırıb və Cənubi Qafqazda sülhə əngəl adlandırıb. Bu faktlardan isə görünür ki, onların “missiyası” nədən ibarətdir...
Emil Salamoğlu
Musavat.com