"Əgər hansısa görüntü reallığı əks etdirməsə də, şəxsin şərəf və ləyaqətinə zərər vurmursa, bu halda cinayət tərkibi yaranmır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, qanun layihəsində "reallığı əks etdirməyən" ifadəsi normadan çıxarılmalı və ya daha dəqiq formada, şəxsin şərəf və ləyaqətini alçaldan, nüfuzuna ziyan vuran foto, video və audio materialların hazırlanmasının cinayət məsuliyyəti yaratdığı kimi ifadə olunmalıdır. Hər bir reallığı əks etdirməyən məlumat cinayət hesab edilə bilməz: "Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən, əməl yalnız ictimai təhlükəli olduqda cinayət sayılır. Əgər hansısa görüntü reallığı əks etdirməsə də, şəxsin şərəf və ləyaqətinə zərər vurmursa, bu halda cinayət tərkibi yaranmır. Belə hallarda vətəndaşın məhkəməyə müraciət etməsi əlavə vaxt itkisinə və məhkəmələrin yüklənməsinə səbəb ola bilər. Buna görə də normada zərər meyarı açıq şəkildə göstərilməlidir".Q.Həsənquliyev həmçinin təklif edib ki, süni intellekt və xüsusi proqram təminatlarından istifadə etməklə törədilən cinayətlər ayrıca maddələrdə qeyd olunmaq əvəzinə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əlavə edilərək ağırlaşdırıcı hal kimi nəzərdə tutulsun: "Son dövrlərdə bu texnologiyalardan istifadə etməklə törədilən əməllər daha təhlükəli xarakter daşıyır və bu, cəza təyin edilərkən nəzərə alınmalıdır. Cəzaların həcmi müəyyən edilərkən ölkənin iqtisadi vəziyyəti, əhalinin gəlir səviyyəsi və sosial rifah göstəriciləri də nəzərə alınmalıdır. Bu yanaşma hüquqda ədalətlilik prinsipinin təmin olunması baxımından vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31