AZ

“İndi top ABŞ tərəfindədir” İran səfirinin a MÜSAHİBƏSİ

Modern.az saytına istinadən ain.az xəbər verir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun Modern.az saytına müsahibə verib. O, ABŞ və iran arasında əldə edilən atəşkəs razılığı və Pakistanda keçiriləcək danışıqlar barədə suallarımızı cavablandırıb. Səfirlə müsahibəni təqdim edirik:

- İran əldə edilən atəşkəsi öz şərtləri baxımından kifayət qədər ədalətli hesab edirmi?

- İran İslam Respublikası heç vaxt müharibə tərəfdarı olmayıb və yalnız təcavüzə məruz qaldığı şəraitdə özünün ayrılmaz və legitim müdafiə hüququndan istifadə edərək hərbi əməliyyatlara əl atmışdır. Buna görə də, gərginliyə və müharibəyə son qoyan, regionda davamlı sabitliyə gətirib çıxaran hər bir təşəbbüsü alqışlayır. Ümid edirik ki, atəşkəs və danışıqların başlanması ilə bağlı əldə olunmuş razılıq sülhün və dayanıqlı sabitliyin bərqərar olması üçün zəruri şəraiti təmin edəcəkdir.

Təbii ki, İran bu atəşkəsi hərbi qarşıdurmaların dayandırılması istiqamətində ilkin addım kimi qiymətləndirir. Gələcək hadisələr, o cümlədən qarşı tərəfin atəşkəs dövründə və ondan sonrakı danışıqlar prosesində öz öhdəliklərinə nə dərəcədə sadiq qalması, yekun sülh sazişinin əldə olunacağını, yaxud qarşıdurmaların yenidən başlayacağını müəyyən edəcəkdir.

- Sanksiyaların ləğvi ilə bağlı konkret gözləntilər nələrdir?

- İran İslam Respublikasının sanksiyaların ləğvi ilə bağlı gözləntiləri sadəcə siyasi bir tələb deyil, əksinə, hüquqi haqlar, beynəlxalq öhdəliklər və iqtisadi reallıqlara əsaslanır. Biz xalqın rifahında və azad ticarət prosesində konkret və nəzərəçarpan nəticələrin əldə olunmasına çalışırıq.

Bizim əsas və real gözləntimiz iqtisadi münasibətlərin normallaşdırılmasıdır. İran ekstraterritorial (sərhədaşırı) məhdudiyyətlər olmadan, idxal və ixrac əməliyyatları üçün beynəlxalq maliyyə sistemlərindən istifadə edə bilməlidir. Buraya neft və qeyri-neft məhsullarının satışından əldə olunan valyuta gəlirlərinə tam çıxış və həmin vəsaitlərin sərbəst transferi daxildir. Sanksiyaların ləğvindən irəli gələn real və dayanıqlı iqtisadi mənfəət təkcə kağız üzərində qalmamalı, praktiki müstəvidə özünü göstərməlidir.

- İran nüvə proqramı ilə bağlı hansı kompromislərə hazırdır?

- Təəssüf ki, ABŞ və sionist rejim öz eqoist siyasətləri çərçivəsində İranın nüvə proqramının mahiyyətindən kənara çıxması ilə bağlı qeyri-real bir mühit yaradıb və buna rəvac verirlər. İranın nüvə proqramı tamamilə şəffafdır. Bizim fəaliyyətimiz Beynəlxalq Atom Enerjisi Agentliyinin tam nəzarəti altındadır və onun sülhməramlı xarakteri dəfələrlə təsdiqlənib. Sülhməramlı nüvə enerjisindən faydalanmaq bütün dövlətlərin legitim hüququdur və sözsüz ki, İran İslam Respublikası da öz təbii hüququndan yararlanmaq istəyir. Beləliklə, İranın istədiyi, təəssüf ki, məhrum edildiyi öz təbii hüquqlarından yararlanmaqdır.

Bir neçə əsas məqamı qeyd etməliyəm:

- Sanksiyaların ləğvi müqabilində öhdəliklərə qayıdış: İran hər zaman bəyan etmişdir ki, əgər qarşı tərəflər nüvə sazişi (JCPOA) üzrə öz öhdəliklərinə tam şəkildə qayıtsalar, habelə zalımcasına tətbiq edilən sanksiyalar effektiv və verifikasiya edilmiş şəkildə ləğv olunarsa, ABŞ-ın birtərəfli qaydada sazişdən çıxmasına cavab olaraq atdığı nüvə addımlarını əvvəlki vəziyyətinə qaytarmağa hazırdır. Bu, "addıma-addım" prinsipinə əsaslanan məntiqi bir fəaliyyət tarazlığıdır.

- Biz ədalətli razılaşma çərçivəsində proqramımızın sülhməramlı xarakterinin dünya birliyi üçün daha da aydın olması məqsədilə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yüksək səviyyədə şəffaf əməkdaşlığın davam etdirilməsinə hazırıq.

- Kompromis – beynəlxalq müqavilələr çərçivəsində bir millətin ayrılmaz hüquqlarından imtina etməsi demək deyil. Biz güzəştə getmək niyyətində deyilik; məqsədimiz elə bir tarazlıq nöqtəsinə nail olmaqdır ki, orada həm İranın dinc nüvə texnologiyasından yararlanmaq hüququna hörmətlə yanaşılsın, həm də qarşı tərəflərin texniki narahatlıqları aradan qaldırılsın. Hərçənd ki, irəli sürülən bəzi məsələlər tamamilə əsassızdır və siyasi məqsədlər daşıyır. 

- Regionda hərbi fəaliyyətlərin azaldılması gündəmdədirmi?

- İran İslam Respublikası hər zaman regionun təhlükəsizliyinin yalnız bölgə ölkələri arasında qarşılıqlı etimad, dialoq və konstruktiv əməkdaşlıq vasitəsilə təmin oluna biləcəyi qənaətindədir. Son müharibə təcrübəsi sübut etdi ki, xarici qüvvələrin mövcudluğu və regiondan kənar müdaxilələr sabitliyə kömək etmək əvəzinə, özü bir gərginlik mənbəyinə çevrilir. Hərbi fəaliyyətlərə gəlincə, bizim prinsipial siyasətimiz çəkindirmə və müdafiəyə əsaslanır. Biz regionda gərginliyin azaldılmasına və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən hər bir təşəbbüsü müsbət qarşılayırıq.

Buna görə də, davamlı sabitlik və qarşılıqlı anlaşılmazlıqların aradan qaldırılması istiqamətində atılan hər bir addım qonşu ölkələrdəki qardaşlarımızla apardığımız diplomatik məsləhətləşmələrin gündəmindədir. Hesab edirik ki, ABŞ və sionist rejimin hərbi təcavüzünün başa çatması ilə artıq regional əməkdaşlığın, xüsusilə də iqtisadi sahədə əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraqların müəyyən edilməsi vaxtı çatmışdır. Bu, daha sıx inteqrasiya və tərəfdaşlıq üçün zəmin yaratmalı, hər hansı gərginlik və münaqişənin qarşısını almalıdır.

- ABŞ-la etimadın bərpası üçün hansı addımlar atılmalıdır?

- Beynəlxalq münasibətlərdə etimad məsələsi abstrakt bir anlayış deyil; əksinə, o, əldə olunmuş razılaşmalara sadiqlikdən və ölkələrin milli suverenliyinə qarşılıqlı hörmətdən qaynaqlanır. İran və ABŞ arasında etimadın bərpası ilə bağlı sualınıza cavab olaraq, bir neçə əsas və praktiki məqamı vurğulamaq lazımdır: 

ABŞ-a qarşı etimadsızlıq məsələsi kifayət qədər uzun tarixə malikdir. 1953-cü ildə milli hökumətin devrilməsi ilə nəticələnən dövlət çevrilişi bunun bariz nümunələrindən biridir. Son 60 il ərzində Amerikanın İrana qarşı addımları ölkədə institusional bir etimadsızlığın formalaşmasına səbəb olmuşdur. Təbii ki, bu vəziyyətin dəyişməsi ABŞ tərəfindən ciddi addımların atılmasını tələb edir.

Etimadsızlıq nəticəsində yaranmış divarın təmiri üçün ilk və ən mühüm addım əhdə vəfadır. ABŞ-ın BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş JCPOA (Nüvə sazişi) beynəlxalq müqaviləsindən birtərəfli qaydada çıxması qarşılıqlı etimada sarsıdıcı zərbə vurdu. Bu mühitin yenidən bərpası öhdəliklərə effektiv qayıdışı, habelə İran xalqının dolanışığını hədəf alan qeyri-qanuni və birtərəfli sanksiyaların ləğvini zəruri edir.

Uğursuzluğa düçar olmuş "maksimum təzyiq" siyasəti Vaşinqton üçün heç bir nəticə vermədi, əksinə, məsafələri daha da artırdı. Mövcud vəziyyətdə hər hansı bir dəyişiklik üçün qarşıdurma ritorikasının hörmət dili ilə əvəzlənməsi əsas şərtdir. Birləşmiş Ştatlar qəbul etməlidir ki, İran regionun nüfuzlu və qüdrətli aktorudur; İran xalqı ilə təhdid dilində danışmaq olmaz.

Praktiki addımlar hər zaman siyasi ritorikadan daha böyük əhəmiyyət kəsb edir. İran xalqının dondurulmuş aktivlərinin sərbəst buraxılması xoş məramın nümayişi kimi müsbət bir addım sayıla bilər.

Biz hər zaman vurğulamışıq ki, regionun təhlükəsizliyi bölgə ölkələri tərəfindən təmin olunmalıdır. Regiondankənar qüvvələrin müdaxiləsi hər zaman gərginlik yaradıb. Əgər ABŞ gərginliyi azaltmaq istəyirsə, bölgə xalqlarının iradəsinə hörmət etməli və müdaxiləçi yanaşmalardan əl çəkməlidir.

İran İslam Respublikası hər zaman dünya ilə "izzət, hikmət və məsləhət" prinsipləri əsasında "konstruktiv qarşılıqlı əlaqə"nin tərəfdarı olduğunu vurğulayıb. İndi top ABŞ tərəfindədir. Onlar cəsarətli siyasi qərarlar qəbul edərək və keçmiş səhvlərini düzəldərək diplomatiya yolunda real dəyişikliyə sadiq olduqlarını sübut etməlidir. Biz qarşı tərəfi sözlərinə görə deyil, real fəaliyyətinə və əməllərinə görə dəyərləndiririk.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
modern.az

1Mənbələr