AZ

İndiki şərtlərlə müharibədən çıxmaq ABŞ və İsrailin qalib gəldiyi anlamı vermir

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA[email protected]

ABŞ və İsrailin İrana qarşı 40 günə yaxın davam edən hərbi əməliyyatları demək olar ki, başa çatıb. Aprelin 8-də Vaşinqton və Tehran Pakistanın Baş nazirinin təşəbbüsü ilə iki həftəlik atəşkəs əldə ediblər. Bu razılaşmadan sonra hər iki ölkənin rəsmiləri tərəfindən qarşıdakı danışıqlarla bağlı müxtəlif bəyanatlar səsləndirilir, şərtlər açıqlanır. Tərəflərin 10 aprel tarixində İslamabadda bir araya gələcəyi gözlənilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov "525-ci qəzet"ə müsahibəsində mövzu ətrafında fikirlərini açıqlayıb.

- ABŞ-ın İrana qarşı çox ciddi təhdidləri fonunda atəşkəs əldə olundu. İndi maraq doğuran əsas sual atəşkəsin dayanıqlılığı, iki həftə ərzində tərəflərin nələrə nail ola bilməsidir. Sizcə, bu müddət ərzində proseslər necə inkişaf edəcək?

- Aprelin 7-də gecə saatlarından başlayaraq Prezident Donald Tramp İran və ABŞ arasında iki həftəlik atəşkəsin elan olunduğunu bəyan etdi. Biz bilirik ki, bu atəşkəsin əldə olunmasında Pakistan vasitəçi tərəf kimi çıxış edib. Pakistanın Baş naziri Şahbaz Şərif paylaşdığı bəyanatda bildirdi ki, iki həftəlik atəşkəs tərəflərin bir-birinə hücumlarını, eyni zamanda da Livana qarşı, "Hizbullah"a qarşı əməliyyatlarının dayandırılmasını nəzərdə tutur. Görünən odur ki, həm ABŞ, həm də İran tərəfi bu müharibənin davam etməsində maraqlı deyillər. Çünki müharibənin həm İrana, həm ABŞ-a ciddi şəkildə mənfi təsirləri var. İranın istər hərbi obyektləri, son vaxtlar mülki infrastrukturları, enerji obyektləri ciddi şəkildə zərbələr alıb, digər tərəfdən qlobal enerji qiymətlərinin qalxması fonunda ABŞ iqtisadiyyatına dəyən zərərlər, birja qiymətlərinin artması, Birləşmiş Ştatlarda benzinin qiymətinin 3,2 dollardan 4 dollara qalxması və s. bütün bunlar insanların narazılığını müəyyən qədər artırırdı. O cümlədən ABŞ-da respublikaçılar, siyasi establişment daxilində də müharibəyə qarşı çıxanlar var idi. Ölkənin vitse-prezidenti Ceyms Devid Vensin də bu müharibənin davam etdirilməsini istəmədiyinə dair məlumatlar var idi. Məhz bu səbəblərdən də cümə günü baş tutacaq danışıqlarda ABŞ tərəfini Vens, İranı isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf təmsil edəcək. Yəni bütün bunlar sözsüz ki, Donald Tramp administrasiyasına müharibənin davam etməsinə görə təzyiqlərin olduğuna işarə idi. İki həftəlik atəşkəs də məhz elə onu göstərir ki, Tramp administrasiyası məsələni diplomatik yolla həll etmək niyyətindədir. Amma proseslərin necə inkişaf edəcəyi bir neçə amildən asılıdır. Birinci əsas amil tərəflərin diplomatik masada uzlaşıb-uzlaşmayacağıdır. Çünki əvvəlki danışıqlar fazasında istər ötən ilin aprel-may ayında olsun, istərsə də cari ilin fevral ayında başlayan danışıqlarda ciddi nailiyyət əldə olunmadı. Tərəflər arasında ciddi mövqe fərqi var idi. Hətta danışıqların növbəti raundundan, Vyana mərhələsindən əvvəl ABŞ İsraillə birgə fevral ayının 28-dən İrana zərbələr endirməyə başladı. İndiki fazada danışıqlar nə dərəcədə uğurlu olacaq? Bu faktor böyük əhəmiyyət kəsb edir. ABŞ-ın və İranın tələbləri var. Hər nə qədər Donald Tramp bildirsə də ki, İranın atəşkəs şərtləri üzərində işləmək olar, amma tərəflər arasında yerlə göy qədər fərq qalmaqdadır. İranın irəli sürdüyü 10 maddəyə baxdıqda onların arasında bütün sanksiyaların ləğv edilməsi, Hörmüz boğazının İranın nəzarətində olması, ABŞ hərbi kontingentinin Yaxın və Orta Şərqdən çıxarılması, İrana qarşı hücumların dayandırılması, İranın dondurulmiş aktivlərinə çıxışın təmin olunması, yəni onların azad edilməsi və s. var. Bütün bunlar daha çox qalib ölkənin maraqlarına uyğun şərtlərdir. ABŞ-ın bunlarla tam şəkildə razı olacağı real görünmür. Digər tərəfdən, ABŞ-ın irəli sürdüyü şərtlərə görə İran nüvə proqramından tam şəkildə imtina etməli, proksilərə dəstəyini dayandırmalı, ballistik raketlərə məhdudiyyət qoymalıdır ki, bunlar da İran tərəfindən qəbulediməz şərtlərdir. Ona görə də bu cür şəraitdə tərəflərin uzlaşması kifayət qədər müşkül görünən məsələdir. Düşünürəm ki, burda fundamental mövqedə dəyişiklik olmasa, hər hansı bir sülh sazişinin imzalanması ehtimalı real görünmür. Düzdür, İranın tələbləri olan 10 maddəlik sənədin fars dilindəki versiyasında "İran uranın zənginləşdirilməsinə davam edəcək" ifadəsinə yer verib, ingilis dilində olan versiyasında isə bu ifadə əks olunmayıb. Bu özü də müəyyən spekulyasiyalara səbəb olur. Amma istənilən halda, İranın tam şəkildə bu proqramdan imtina etməsi onun uzun illər həyata keçirdiyi xarici siyasətə zidd bir addım olardı. Bu baxımdan tərəflərin danışıqlar masasında uzlaşıb-uzlaşmayacağı proseslərin növbəti inkişaf mərhələrinə təsir göstərən əsas faktorlardan biridir.

- Deyə bilərik ki, bu müharibədə qalib olmadı. İran gözlənildiyi kimi bir neçə günə məğlub edilmədi. Tərəflərin hazırkı durumu nəzərə alınsa, yenidən müharibə ehtimalı mümkün görünürmü?

- Əslində Donald Tramp nə qədər bəyan etsə ki, ABŞ qalibdir, yeri gəlmişkən hər iki tərəf özünü qalib elan etdi, indiki halda bu şərtlərlə Birləşmiş Ştatların müharibədən çıxması heç də onun və İsrailin qalib gəldiyi anlamını vermir. Çünki qarşıya qoyulan məqsədlər - İranın hərbi ballistik imkanlarının, nüvə proqramlarının ləğv edilməsi, proksi qüvvələrə dəstəyinin dayandırılması idi. Bunların heç birinə tam şəkildə nail olunmadı. Ballistik raketlər müəyyən qədər məhv edilib, amma hələ də İran ballistik raketlər istehsal etməyə davam edir. Hələ də region ölkələrinə zərbə endirmək qabiliyyətinə malikdir. Proksilər, istər "Hizbullah" olsun, istər Yəməndə "Ənsər-Allah" olsun, fəaliyyətlərini davam etdirməkdədirlər. İranın nüvə proqramı hələ də qalmaqdadır. ABŞ özü bəyan etmişdir ki, İranda 450 kq 60 faiz zənginlədirilmiş uran var. Bu uran hələ də İrandadır. Danışıqlar masasında çox güman ki, əsas müzakirə məsələsi məhz İranın bu uran ehtiyatlarını təhvil verməsi məsələsi olacaq. Burda da razılığa gəlinib-gəlinməyəcəyi sual doğurur.

Digər faktor budur ki, 14 günlük atəşkəs həqiqətənmi müharibənin bitirilməsi məqsədini daşıyır, yoxsa müəyyən taktiki gedişdir. Əgər bu, taktiki gedişdirsə, onda 14 günlük atəşkəsdən sonra müharibənin davam etməsi ehtimalı böyükdür. Çünki uzunmüddətli müharibələrdə adətən atəşkəs olur, Rusiya-Ukrayna müharibəsində bir neçə dəfə humanitar atəşkəs, enerji atəşkəsi olub. 8 illik İran-İraq müharibəsi dövründə də 10-a yaxın atəşkəs razılaşması imzalanmışdı, amma atəşkəslər zamanı bir çox hallarda taktiki gedişlər olur ki, onlar da zaman əldə etməyə və mövqeləri daha da qüvvətləndirməyə hesablanıb. Burda ABŞ-ın planı ola bilər ki, iki həftə ərzində geri çəkilərək İran daxilində insanların ayağa qalxmasına şərait yaratsın. Çünki İrana qarşı hücumlar davam etdikcə hakimiyyət bundan maksimum istifadə edərək özünün tərəfdarlarını meydanlara yığırdı, insanların dövlətlə bərabər olmasına, birləşməsinə daha çox şərait yaradırdı. İndiki halda əgər hücumlar dayanarsa, ABŞ və İsrail geri çəkilərsə, bu, İran daxilində, həmçinin hakimiyyət daxilində  müəyyən fraqmentasiyaya gətirib çıxara bilər. İsrail və ABŞ-ın hakimiyyət daxilində müəyyən qrupları təmsil edən şəxsləri öldürməsi, digərlərini sağ-salamat saxlaması düşünürəm ki, bilərəkdən həyata keçirilmiş taktiki addım idi ki, hərbi və siyasi hakimiyyət daxilində bir parçalanma yaratsın. Həmçinin bu zaman kəsiyində xalqın etiraz nümayişləri keçirməsi üçün bir imkan yaranmış ola bilər. İsralin elə əvvəldən məqsədi həm də bu idi. Atəşkəsdən dərhal sonra gördük ki, İsrailin dəstəklədiyi şəxslərdən biri Rza Pəhləvi yenidən müraciət edib və bu dəfə onun müraciəti İran ordusuna idi. O, İran ordusunu hakimiyyətə qarşı çıxmağa çağırırdı. Bu onu göstərir ki, 14  günlük atəşkəs həm də bir taktiki manevr kimi də qiymətləndirilə bilər. Əgər elədirsə, bu o deməkdir ki, müharibənin davametmə ehtimalı var.

- İsrail də atəşkəs razılaşmasını dəstəkləyib. Təl-Əvivin mövqeyini necə şərh edərdiniz?

- Baş nazir Netenyahu bəyan etdi ki, biz ABŞ-ın atəşkəs qərarını dəstəkləyirik, yəni İrana hücum etməyəcəyik, amma "Hizbillah"a qarşı əməliyyatları davam etdirəcəyik. Digər tərəfdən mən düşünmürəm ki, İsrail indiki halda atəşkəs və ya sülh sazişi imzalanmasını isti qarşılasın. Çünki İsrail üçün İran hələ də əsas təhlükə olaraq qalır. Hakimiyyətə gələn yeni fiqurların İsrailə qarşı mülayim mövqeyi yoxdur. İstər Müctəba Xomenei olsun, istər SEPAH-ın rəhbəri Əhməd Vahidi olsun, istərsə də digər şəxslər olsun. İranın ballistik raket imkanları bir müddət sonra yenidən bərpa olunacaq, nüvə proqramı qalmaqdadır. İran hər nə qədər zəifləsə də, İsrail üçün təhlükə olmağa davam edir. İndiki mərhələdə ABŞ və İsrailin 38 gün ərzində həyata keçirdiyi hücum əməliyyatları taktiki olaraq ABŞ və İsrail dövlətlərinə müəyyən üstünlük qazandıra bilər, İran hərbi cəhətdən müəyyən qədər zəiflədildi, amma taktiki zəfəri strateji zəfərə çevirmək indiki halda alınmadı. Ona görə İsraildə atəşkəsə birmənalı yanaşılmır, xüsusilə müxalifət Netenyahunu tənqid etməkdədir. Müxalifət lideri Yair Lapid bildirib ki, hazırkı halda indiki şərtlərlə İsrailin müharibədən çıxması bir fiaskodur, ölkə strateji məqsədlərinə nail ola bilmədi. Bu baxımdan İsrailin mövcud vəziyyətdən razı qaldığını düşünmürəm. Amma yenə də deyirəm, hadisələrin növbəti gedişatına, inkişafına təsir göstərəcək faktorlar ilk növbədə danışıqlar masasında əldə olunacaq nəticələrdən, eyni zamanda ABŞ və İsrailin 14 günlük atəşkəsə taktiki bir gediş kimi baxıb-baxmamasından asılıdır.

Pərvanə SULTANOVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
50
525.az

10Mənbələr