AZ

Maaşlarla bağlı YENİLİK – Bundan sonra…

Azərbaycanda əmək münasibətləri sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən yeni qanun layihəsi, cəmiyyətdə uzun illərdir müzakirə olunan “gender bərabərliyi və ədalətli qazanc” məsələsini hüquqi müstəvidə birdəfəlik həll etməyə hazırlaşır.

Milli Məclisdə birinci oxunuşda qəbul edilən Əmək Məcəlləsinə dəyişiklik layihəsi, işəgötürənlərin üzərinə çox ciddi bir öhdəlik qoyur: eyni və ya bərabər dəyərli işi görən hər bir işçi, cinsindən asılı olmayaraq, qəpiyinə qədər bərabər maaş almalıdır.

Bu, təkcə qadın və kişi bərabərliyi deyil, həm də əməyin qiymətləndirilməsində subyektiv yanaşmaların, diskriminasiyanın və “gizli maaş fərqlərinin” aradan qaldırılması deməkdir. Müasir əmək bazarında peşəkarlığın cinsiyyətdən üstün tutulması prinsipini rəsmiləşdirən bu addım, Azərbaycanın beynəlxalq əmək standartlarına inteqrasiyasını sürətləndirməklə yanaşı, həm də sosial ədalətin bərqərar olmasına xidmət edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu qərar iqtisadi effektivliyin artırılması üçün mühüm stimuldur: “Əmək Məcəlləsinə təklif olunan bu dəyişiklik bazar iqtisadiyyatının təməl prinsiplərindən biridir. İndiyədək bəzi hallarda eyni vəzifədə çalışan kişi və qadın işçilər arasında əməkhaqqı fərqi müşahidə olunurdu ki, bu da rəqabət mühitinə mənfi təsir göstərirdi. İndi isə qanun işəgötürənə birbaşa vəzifə olaraq diktə edir ki, əgər işin xarakteri, ağırlığı və nəticəsi eynidirsə, ödəniş də mütləq bərabər olmalıdır. Bu, işçi qüvvəsinin daha ədalətli bölgüsünə və işçilərin motivasiyasının artmasına gətirib çıxaracaq”.

Onun sözlərinə görə, “bərabər dəyərli iş” anlayışının daxil edilməsi qanunun boşluqlarını doldurur: “Burada ən mühüm məqam işin bərabər dəyərli olmasının konkret meyarlar əsasında müəyyən edilməsidir. Əmək şəraiti, əmək funksiyasının mürəkkəbliyi və tarif-ixtisas xüsusiyyətləri artıq əsas ölçü vahidi olacaq. Yəni, işəgötürən ‘mən belə istəyirəm’ deyib, eyni yükü daşıyan iki müxtəlif cinsli şəxsə fərqli maaş yaza bilməyəcək. Bu dəyişiklik, xüsusilə özəl sektorda əməkhaqqı fondunun daha şəffaf idarə olunmasını tələb edəcək və gizli iqtisadiyyatın elementlərindən biri olan əmək hüquqlarının pozulması hallarını minimuma endirəcək”.

Ekspert qeyd edib ki, bu islahat həm də müəssisələrin daxili nizam-intizam qaydalarına yenidən baxılmasını tələb edəcək: “Qanun layihəsinin birinci oxunuşda qəbulu o deməkdir ki, dövlət əmək bazarında ciddi monitorinqlərə hazırlaşır. İşəgötürənlər artıq öz daxili tarif cədvəllərini bu tələblərə uyğunlaşdırmalıdırlar. Cinsindən asılı olmayaraq hər kəs bilməlidir ki, onun əməyi yalnız göstərdiyi nəticəyə və peşəkarlığına görə qiymətləndirilir. Bu, uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatında insan kapitalının dəyərini artıracaq və inklüziv inkişafı təmin edəcək”.

Tunar,
NOCOMMENT.az

Seçilən
24
nocomment.az

1Mənbələr