AZ

“PUTİN ÇAR DEYIL!” “O təsadüfi adamdır, Petruşkadır”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Tanınmış “rus dünyası” təbliğatçısı Putini “topa tutdu”

Son zamanlar Rusiyada vaxtilə Ukraynaya qarşı müharibənin ən qatı tərəfdarları olmuş “Z-patriotlar”, “rus dünyası” təbliğatçıları, şovinistlər, milətçilər və s. Kremlə qarşı sərt ifadələr, bəyanatlar səsləndirirlər. Hələ Yevgeni Priqojinin qiyamı baş verəndə bir çox ekspertlər Putin hakimiyyəti üçün əsas təhlükənin demokratik qüvvələrdən, siyasi müxalifətdən yox, məhz radikal millətçi çevrədən qaynaqlandığını və bunun davam edəcəyini qeyd etmişdilər. Bu gün də həmin proqnozlar özünü doğruldur. Kreml demokratik, liberal siyasi müxalifəti məhv etsə də, özünün yaratdığı “rus dünyası” ideologiyasının daşıyıcıları, “Z-patriotlar”, millətçilər tərəfindən hədəfə alınmaqdadır.

Məsələn, ötən gün xaricdə yaşayan tanınmış rusiyalı bloqer Yuri Dudun Donbasdakı separatizm hərəkatının ilk liderlərindən biri, qondarma “Donetsk xalq respublikası”nın keçmiş "xalq qubernatoru" Pavel Qubarevlə videomüsahibəsi yayımlanıb. Müsahibə böyük əks-sədaya səbəb olub. Qubarev hazırda Rusiyada yaşamasına baxmayaraq, Kremlin, şəxsən Vladimir Putinin ünvanına kəskin ifadələr, hətta təhqirlər işlədib.

O əvvəlcə etiraf edib ki, hələ 2014-cü ildə Donetskdə başladılan separatizmin arxasında Moskva dayanıb. İlk olaraq İqor Strelkovun(Qirkin) başçılıq etdiyi qanunsuz hərbi birləşmələr məhz Rusiya FSB-sinin dəstəyilə yaradılaraq, Donbasa soxulub.

Daha sonra Qubarev Putindən açıq narazılığını bildirərək, onu qətiyyətsizlikdə və kənardan idarə edilməkdə günahlandırıb. O xatırladıb ki, Krımın ilhaqından sonra Putin Donbası ələ keçirmək üçün açıq hərbi əməliyyata başlamaqdan çəkinib.

Qubarevin sözlərinə görə, bu, nəticədə Rusiyanın Ukrayna ilə üzücü müharibəyə girməsinə və çoxlu insanın ölümünə səbəb olub: "Ən yaxşısı qoşun göndərmək olardı. 2022-ci ildəki kimi... Əgər 2014-cü ildə belə qoşun göndərsəydilər, ideal olardı - bu qədər qan tökülməzdi... Biz xahiş edirdik: "Putin, qoşun göndər". Amma biz sadəlövh və axmaq idik, hamımız ona inanırdıq”.

Qubarev artıq Putinə qarşı qəzəbini gizlətmək fikrində olmadığını və onun tutduğu vəzifəyə layiq olmadığını qeyd edib: "Sadəcə başa düşdüm ki, o, çar deyil. O, 25 ildir ki işləyir, amma o öz yerində deyil... O, təsadüfi adamdır, lakin hakimiyyətdə təsadüfi insanlar yoxdur. Əgər sən hakimiyyətdə təsadüfi bir adamsansa, demək sən Petruşkasan”(Rus nağıllarına aid kukla tamaşalarında kukla obrazı-red.). Vəssalam. Kimin Petruşkası? Bu başqa bir sualdır".

O əlavə edib ki, Putini qərar qəbuletmə səlahiyyəti olmayan "menecer" hesab edir.

Qeyd edək ki, Pavel Qubarev “Z ictimaiyyəti” daxilində nüfuza malikdir. O, Donbasdakı separatçı liderlərdən biri olmaqla yanaşı, 2014-cü ilin yazında Rusiyapərəst etirazlar zamanı Donetsk vilayətinin "xalq qubernatoru" elan edilib. Yerli "milis" üçün adam toplamaqla, hərbi birləşmələr yaratmaqla məşğul olub. 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayanda orduya qoşulan Qubarev xeyli müddət döyüşlərdə iştirak edfib.

2023-cü ildən Qubarev Kremli və Müdafiə Nazirliyini tənqid edən "Qəzəbli Vətənpərvərlər Klubu"nun üzvü olub. Bu qrup İqor Strelkov (Qirkin) tərəfindən yaradılıb. Strelkov 2024-cü ildən bəri Telegram-dakı paylaşımlarında "ekstremizmə açıq çağırışlar"a görə Rusiyada dörd illik həbs cəzası çəkir.

Fevral ayında Qubarevin özü də Rusiya ordusuna qarşı “diskreditasiya” maddəsilə təqib olunmağa başlayıb. Bu maddə əsasında məhkəmə aprelin 20-nə təyin edilib. Qubarev bu ittihamları "tamamilə cəfəngiyat" adlandırıb.

Qeyd edək ki, 43 yaşlı Qubarev son zamanlar Putinə qarşı sərt açıqlamalar verən ilk “Z-patriot” deyil. Məsələn, ötən ay uzun illər Kremlin təbliğatını aparmış tanınan “Z-bloqçu” İlya Remeslo Putini "qanunsuz prezident" adlandırıb və onun "müharibə cinayətkarı və oğru kimi" məhkəməyə verilməsini tələb etdi. O, Putindən narazılığının səbəbləri kimi Ukrayna ilə "tamamilə çıxılmaz" müharibəni, internet və media senzurasını, Putinin hakimiyyətdə uzun müddət qalmasını, vətəndaşlara hörmətsizliyini və "dəbdəbəyə olan dəlicəsinə, sərhədsiz istəyini" göstərmişdi. Bu açıqlamadan sonra Remeslo psixiatrik xəstəxanaya, yəni, dəlixanaya salındı. Qubarevi də buna bənzər aqibət gözləyə bilər. Lakin müharibədəki uğursuzluq, ölkə daxilindəki hədsiz senzuralar, internetin bloklanması, iqtisadiyyatdakı geriləmə və s. qaldıqca, Putin üçün daxili etirazların, hiddətin qarşısını almaq getdikcə daha da çətinləşəcək.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
azpolitika.info

1Mənbələr