AZ

Bazarda satılan çiyələklər TƏHLÜKƏLİDİRMİ?

Son illər bazarlarda və marketlərdə mövsümdənkənar meyvələrin bolluğu adi hala çevrilib. Xüsusilə də çiyələk kimi həssas və tez xarab olan giləmeyvələrin ilin demək olar ki, hər dövründə satışda olması istehlakçılarda həm maraq, həm də müəyyən suallar yaradır. Parlaq görünüşü, iri ölçüsü və eyni formalı olması ilə seçilən bu çiyələklər ilk baxışdan cəlbedici görünsə də, onların necə və hansı şəraitdə yetişdirildiyi məsələsi diqqətdən kənarda qalmamalıdır.

Apreldə

Bu gün piştaxtalarda təqdim olunan çiyələklər qiymət baxımından əlçatan olsa da, onların mövsümə uyğunluğu, yetişdirilmə üsulu və tərkibində mümkün kimyəvi maddələrin olub-olmaması istehlakçı üçün əsas müzakirə mövzularından birinə çevrilib.  O halda, mövsümündən əvvəl bazara çıxarılan çiyələklər hansı riskləri daşıyır?

Qida eksperti İlkin Şirinov Musavat.com-a deyib ki, ümumiyyətlə, çiyələkdən, digər giləmeyvələrdən və tərəvəzlərdən danışarkən hər zaman bir vacib məqamı vurğulayırıq: hər bir meyvə və tərəvəz öz mövsümündə daha faydalıdır. Onun sözlərinə görə, mövsümündən əvvəl yetişdirilən məhsullar isə müəyyən şübhələr yaradır:

“Bu gün bazarlarda çiyələyin qiyməti kiloqramına görə təxminən 4–7 manat arasında dəyişir və buna baxmayaraq insanlar bu məhsulu alıb istifadə edirlər. Lakin diqqət yetirsək görərik ki, satışdakı çiyələklər eyni ölçüdə, parlaq, təmiz, üzərində heç bir torpaq izi və ya zədə olmayan, standart formadadır. Bu isə məhsulun təbii yetişmə prosesindən çox, başqa şəraitdə istehsal olunduğunu düşündürür. Çünki hazırda çiyələk mövsümü deyil. Hətta təbiətdə çiyələk bitkiləri yeni-yeni çiçəkləməyə başlayır, torpaq hələ tam oyanmayıb. Buna baxmayaraq, piştaxtalarda çiyələk, üzüm və digər giləmeyvələri görürük”.

Hamının

Ekspert deyib ki, bu məhsulların bir qismi idxal ola bilər:

“Məsələn, qarpız, yemiş və müxtəlif sitrus meyvələrinin mövsümdənkənar satışda olması da çox vaxt idxalla bağlı olur. İdxal olunan məhsullar sərhəddə və gömrükdə yoxlanılır, qida təhlükəsizliyi standartlarına uyğunluğu qiymətləndirilir. Uyğun olmayan məhsulların satışına icazə verilmir. Digər tərəfdən, yerli istehsal – xüsusilə istixana şəraitində yetişdirilən meyvə və tərəvəzlər də var. Bu zaman gübrələrdən, pestisidlərdən və digər kimyəvi vasitələrdən normadan artıq istifadə olunarsa, həmin maddələrin məhsulun tərkibində qalma ehtimalı artır. Bu maddələri sonradan məhsulu sirkəli, duzlu və ya axar suda yumaqla tam şəkildə aradan qaldırmaq mümkün olmur. Bu cür məhsullar xüsusilə allergiyası olan insanlarda, mədə-bağırsaq problemi yaşayanlarda, uşaqlarda və hamilə qadınlarda müəyyən fəsadlara səbəb ola bilər. Bununla belə, istixana şəraitində damcı suvarma üsulu ilə və normativlərə uyğun şəkildə yetişdirilən məhsullar da var ki, belə hallarda risk nisbətən az olur. Amma istənilən halda bu məhsulların müvafiq qurumlar tərəfindən yoxlanılması, laborator analizdən keçirilməsi və təhlükəsizlik sertifikatı alması vacibdir”.

İlkin Şirinova görə, yenə də əsas məqam dəyişmir: “Hər bir meyvə və tərəvəz öz mövsümündə daha faydalı və daha təhlükəsizdir:

“Təbii şəraitdə yetişən məhsullara baxdıqda görürük ki, onlar eyni ölçüdə olmur: biri iri, biri xırda, biri orta ölçüdə olur. Rənglərində də müəyyən fərqlər olur. Bu, məhsulun təbii yetişdiyinin göstəricisidir”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
12
2
musavat.com

3Mənbələr