Bakı, 10 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda “Müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu və böyük əhəmiyyətli kütləvi imtahanlar: hədəflər, çətinliklər və fürsətlər” mövzusunda panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyevin moderatorluğu ilə baş tutan panel sessiyada Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi sədrinin müşaviri Seçil Alaca, Qazaxıstan Təhsil Nazirliyinin yanında Milli Test Mərkəzinin direktor müavini Talqat Niyazov, Türkiyədə Təhsil və Psixologiyada Ölçmə və Qiymətləndirmə Assosiasiyasının Direktorlar Şurasının prezidenti Nuri Doğan iştirak ediblər.
Panel sessiyada “Qiymətləndirmə prosesində etibarlılığın, bütövlüyün və şəffaflığın təmin edilməsi”, “Qiymətləndirmə proseslərinin və imtahanların rəqəmsal təşkili üzrə atılan addımlar, hədəflər və risklər”, “Yuxarı bilik səviyyələrinin ölçülməsi üçün açıq tipli tapşırıqların kütləvi imtahanlarda istifadəsinin əhəmiyyəti, nəticələrin qiymətləndirilməsi prosesində təhlükəsizliyin və etibarlılığın təmini” məsələləri müzakirə olunub. Eyni zamanda, “Qiymətləndirmə nəticələrinin təhsilin keyfiyyətinin yüksəldilməsində strateji alət kimi istifadəsi”, “Təhsilə çıxış və imtahanların təşkilində inklüzivlik və bərabər imkanların təmin edilməsi” və “İmtahan materiallarının hazırlanması, imtahanların təşkili və nəticələrin hesablanmasında süni intellektdən istifadənin gətirdiyi imkanlar və risklər” haqqında danışılıb.