“Bu turda bir-birindən maraqlı və bolqollu oyunlar izlədik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının XXVI turunda keçirilən oyunlarla bağlı fikirlərini bölüşüb:

“Kəpəz”– “Qəbələ” (0:2) oyunu böyük maraq doğururdu. Həm prinsipiallıq, həm də turnir cədvəli baxımından hər iki komanda bir-birinə yaxın mövqedə yerləşir və Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Oyun ilk hissədə bərabər səviyyədə keçdi. Gedişat göstərirdi ki, ilk qolu vuran komanda istədiyi nəticəyə daha yaxın olacaq. “Qəbələ” də bundan istifadə etdi. Görünən odur ki, “Qəbələ” fiziki üstünlük baxımından rəqibi təzyiq altında saxlaya bildi. “Kəpəz”in də imkanları olsa da, onları dəyərləndirə bilmədi və nəticədə vacib qələbəni “Qəbələ” qazandı.

“Sumqayıt”– “Neftçi” (1:3) oyunu da maraq doğururdu. Çünki “Sumqayıt” hansı durumda olmasından asılı olmayaraq “Neftçi” üçün arzuolunmaz rəqibdir. Bu dəfə isə evdə oynayırdı və bu, onlar üçün son şanslardan biri idi ki, qələbə qazanaraq avrokubok zonasından uzaq düşməsinlər. Lakin “Neftçi” layiqli qələbə qazandı. Komanda hesabda önə keçdi və ikinci hissədə vurduğu qollarla istədiyi nəticəni əldə etdi.

“Qarabağ”– “Karvan-Yevlax” (7:0) oyununda isə güc nisbəti əvvəlcədən aydın görünürdü. “Qarabağ”ın rəqibdən üstünlüyü heç kimdə şübhə doğurmurdu. Lakin hesab “Karvan”da olan problemləri də üzə çıxardı. Xüsusilə futbolçuların sadə səhvlər etməsi diqqət çəkirdi. Görünən odur ki, “Karvan” növbəti mövsümdə aşağı dəstədə çıxış edəcək. “Qarabağ” isə qələbə qazanaraq zirvə uğrunda mübarizəsini davam etdirir.

“İmişli”–“Turan-Tovuz” (1:1) matçı da maraqlı keçdi. Oyun üslubu baxımından komandalar bir-birinə bənzəyir: hər iki tərəf mübarizə aparmağı sevir, uzun hava toplarından istifadə edir və daha çox standart vəziyyətlərdən yararlanmağa çalışır. Meydança amili də matça təsir göstərirdi və futbolçuların keyfiyyətli oyun nümayiş etdirməsinə mane olurdu. Bu səbəbdən daha istəkli tərəf “İmişli” idi və onlar üçün 1 xal belə vacib sayılırdı.

“Zirə”–“Şamaxı” (1:1) qarşılaşması da maraqlı alındı. “Zirə” üçün 3 xal çox vacib idi və oyunun gedişi də bunu göstərirdi. Lakin “Şamaxı” bir daha sübut etdi ki, xüsusilə liderlərə qarşı oyunda yaxşı nəticə əldə edə bilən komandadır. Bu xallar “Şamaxı” üçün o qədər əhəmiyyətli olmasa da, “Zirə” vacib 3 xalı itirmiş oldu.

Turun son oyunu “Araz Naxçıvan”–“Sabah” (2:4) qarşılaşması idi. Bu görüş də maraqlı və bolqollu keçdi. “Araz-Naxçıvan” oyuna yaxşı başladı və hesabda önə keçdi. Lakin sonradan “Sabah”ın təcrübəsi və oyun keyfiyyəti öz sözünü dedi. Xüsusilə ikinci hissədə oyun ritmi baxımından “Sabah” daha üstün idi. Topa nəzarət etməsi və müxtəlif hücum variantları sonda “Araz Naxçıvan”ın səhvlərinə səbəb oldu. “Sabah” uğurlu seriyasını davam etdirir, “Araz-Naxçıvan” isə avrokubok zonasından getdikcə uzaqlaşır”.

Qeyd edək  ki, XXVI turda 23 qol vurulub və orta məhsuldarlıq 3,83-ə bərabər olub. III dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.