GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ–İsrail–İran xəttində baş verən gərginlik daha geniş və uzunmüddətli geosiyasi qarşıdurmanın növbəti mərhələsinə dair yeni suallar yaradıb. Tərəflərin atəşkəslə bağlı razılığa gəlməsinə baxmayaraq, Yaxın Şərqdə təhlükə qalmaqdadır.
Mövcud vəziyyət yalnız Yaxın Şərqin deyil, bütövlükdə qlobal güc balansının yenidən formalaşması ehtimalını gündəmə gətirir. Bundan sonrakı mərhələdə beynəlxalq münasibətlər sistemində yeni ittifaqların, fərqli təhlükəsizlik yanaşmalarının və daha mürəkkəb rəqabət mühitinin ortaya çıxacağı istisna edilmir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İranla ABŞ-İsrail birliyi arasında davam edən gərgin müharibənin 15-20 gün, ən uzağı bir ay davam edəcəyi gözlənilirdi:
“Həqiqətən də, prosesin bir qədər uzanmasına baxmayaraq, aylarla davam etmədi. Müharibənin daha uzun çəkməsi çox ağır nəticələr doğura bilərdi. Bunun əsas səbəblərindən biri qlobal bahalaşma və inflyasiyanın artması, nəticədə isə qida qıtlığının yaranması riskidir.
Yaxın Şərqdə vəziyyət Şərqi Avropadan fərqli olaraq daha həssasdır. Burada tərəflərdən bəziləri nüvə potensialına malikdir. ABŞ və Rusiyanın nüvə silahına sahib olduğu məlumdur, İsrailin də bu imkanlara malik olduğu ehtimal edilir. İranın isə nüvə potensialı ilə bağlı qeyri-müəyyənlik qalır, lakin onun texnoloji imkanlarının artdığı müşahidə olunur. Bu faktor müharibənin miqyasını və təhlükəsini daha da artırırdı.
ABŞ-ın İranda “Venesuela ssenarisi”ni tətbiq etmək istədiyi ehtimalları da mövcud idi. Yəni daxili siyasi dəyişikliklərə təsir göstərmək planı nəzərdə tutulurdu. Lakin bu yanaşma gözlənilən nəticəni vermədi və hesablamalar özünü doğrultmadı.
Həm ABŞ daxilində, həm də İsraildə bu müharibə ilə bağlı narahatlıqlar artmağa başlamışdı. ABŞ-ın siyasi və hərbi elitasında fikir ayrılıqları yaranırdı, bəzi istefalar da bunu göstərirdi. Əgər müharibə daha da uzansaydı, Prezident Donald Tramp Konqresdən əlavə icazə almaq məcburiyyətində qala bilərdi ki, bu da daxili siyasi gərginliyi artırardı. Hətta impiçment məsələsinin gündəmə gəlməsi ehtimalı da müzakirə olunurdu və bu, onun reytinqinə ciddi təsir göstərə bilərdi”.
Siyasi şərhçinin sözlərinə görə, digər vacib məqam enerji məsələsidir:
“Neftin bahalaşması ABŞ üçün sərfəli deyil, çünki bu vəziyyət rəqiblərin, xüsusilə də Rusiyanın gəlirlərini artırır. Bundan əlavə, İranın Hörmüz boğazı ilə bağlı mümkün addımları qlobal enerji bazarına ciddi təsir göstərə bilərdi. Bu isə ABŞ və Avropa üçün əlavə təzyiq yaradırdı.
Bütün bu amilləri nəzərə alsaq, müharibənin uzanması heç bir tərəfin marağında deyildi. Nəticədə atəşkəs əldə olundu və gözlənildiyi kimi genişmiqyaslı quru əməliyyatı başlamadı. ABŞ müəyyən hərbi qüvvə yerləşdirsə də, bu, daha çox güc nümayişi və təzyiq vasitəsi idi.
Əgər quru əməliyyatı başlasaydı, qarşıdurma uzunmüddətli və ağır itkilərlə müşayiət olunan müharibəyə çevrilə bilərdi. Ümumiyyətlə, hərbi doktrinaya görə hücum edən tərəf daha çox itki verir. Üstəlik, əməliyyatların İran ərazisində aparılması müdafiə olunan tərəfin üstünlüyünü artırırdı. Bu da müharibənin uzanması və daha ağır nəticələr doğurması riskini yüksəldirdi.
Kənan Novruzov
Əvvəlki mərhələyə baxdıqda bəzi yanaşmalarda ABŞ-ın qalib, İranın isə zəif tərəf kimi təqdim edildiyini görmək olur. Lakin fikrimcə, reallıq fərqlidir. Bu prosesdə hər iki tərəf müəyyən mənada məğlub oldu və heç birinin ilkin hesablamaları tam doğrulmadı.
Bir tərəfdən İran ciddi itkilər verdi, hərbi-siyasi elitanın bir sıra nümayəndələri dəqiq zərbələrlə zərərsizləşdirildi. Bu, ölkə üçün ciddi zərbə idi. Digər tərəfdən isə gözlənildiyi kimi İran daxilində parçalanma baş vermədi. Əksinə, cəmiyyət müəyyən mənada birləşdi və daxili konsolidasiya gücləndi. Bu da onu göstərdi ki, xarici təzyiq hər zaman daxili dağılmaya gətirib çıxarmır.
Eyni zamanda İran bu vəziyyətdən müəyyən qədər siyasi baxımdan istifadə edə bildi və ABŞ-a qarşı mövqeyini daha sərt formada təqdim etdi. Bu baxımdan, proses nə tam qələbə, nə də tam məğlubiyyət kimi qiymətləndirilə bilər. Daha çox qarşılıqlı itkilərlə müşayiət olunan bir mərhələ oldu”.
Ekspertin fikrincə, hazırda əsas ümid əldə olunan atəşkəsin pozulmamasına və uzunmüddətli sülh üçün zəmin yaranmasınadır:
“Bunun üçün tərəflərin, xüsusilə də ABŞ və İranın bir-birinə qarşı emosional və gərgin davranışlardan çəkinməsi, daha konstruktiv və praqmatik mövqe sərgiləməsi vacibdir.
Müşahidələrə görə, burada ən həssas məqam mümkün provokasiyalardır. Müxtəlif regional və qlobal aktorların maraqları bu prosesə təsir göstərə bilər. Xüsusilə İsrail amili bu baxımdan daha çox qeyd olunur. Eyni zamanda Rusiya və Çin kimi böyük güclərin də geosiyasi maraqları fonunda prosesə dolayı təsir imkanları istisna edilmir.
Bu səbəbdən həm ABŞ, həm də İran maksimum dərəcədə soyuqqanlı davranmalı, mümkün təxribatlara uymamalı və vəziyyəti nəzarətdə saxlamağa çalışmalıdır. Yalnız bu halda mövcud atəşkəsin davamlı sülhə çevrilməsi mümkün ola bilər.
Fikrimcə, atəşkəsin davamlı sülhə çevrilməsi bütün bəşəriyyətin xeyrinədir. Hərçənd bu olsa belə, bir müddət sonra yenidən müharibə başlaya bilər. Eyni zamanda ABŞ–Çin gərginliyinin artması, Tayvan məsələsinin gündəmə gəlməsi də mümkündür.
Əgər müharibə başa çatsa, İsrail Livanda əməliyyatları genişləndirə bilər. Bunu etməsə, ölkədə baş nazir Benyamin Netanyahu əleyhinə çıxışlar başlaya, onun istefası tələb oluna bilər. Nəticədə Trampın reytinqləri də düşəcək.
Yaxın Şərqdəki müharibə Şərqi Avropaya da təsir etdi. Neftin bahalaşması nəticəsində Rusiyanın iqtisadi dividendlər əldə etməsi, həmçinin ABŞ-ın Ukraynaya dəstəyini azaltması cəbhədəki vəziyyətə təsirsiz ötüşməyəcək”.
Turan Rzayev
Globalinfo.az siyasət yazarı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.