Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Naxçıvanda tədbirlər keçirilib.
Hafta.az müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Xidmətinin Naxçıvan şəhəri və Babək rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib.
Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Vilayət Seyidov, həmçinin çağırışçı və valideynlər çıxış ediblər.
Sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının nümunəvi nümayişini göstərilib. Rəsmi hissə bitdikdən sonra hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz verib, hərbi hissələrə yola salınıblar.
Daha sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat çatdırıb.
Daha sonra Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi Naxçıvan şəhər idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən polkovnik-leytenant Sultan Zamanov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək təəssüratları ilə bölüşüblər. Rəsmi hissədən sonra konsert proqramı keçirilib.
