AZ

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı regionun sabitlik dayağı kimi çıxış edir - AÇIQLAMA

Bakı, 10 aprel, AZƏRTAC

Cənubi Qafqazda müşahidə olunan geosiyasi dinamika regionun gələcək inkişafını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Bu gün iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasında formalaşmış strateji qarşılıqlı bağlılıq artıq Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada sabitlik və inkişaf platformasına çevrilib.

“Bu model sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edir, eyni zamanda kənar müdaxilə risklərinin azalmasına xidmət edir. Regionda sabitliyin əsas sütunlarından biri məhz Azərbaycan–Gürcüstan əməkdaşlığıdır. Hazırda bu modelin üçüncü komponentlə tamamlanması istiqamətində müsbət tendensiyalar müşahidə olunur. Ermənistanın yeni reallıqları dərk etməsi və təzyiqlərə baxmayaraq sülh prosesinə dəstək verməsi region üçün mühüm ümid siqnalı kimi dəyərləndirilir. Qafqazda mövcud sabitliyin formalaşmasında Azərbaycanın hərbi-siyasi və diplomatik müstəvidə nümayiş etdirdiyi “mütləq qələbə modeli” xüsusi rol oynayıb. Müqayisəli yanaşma göstərir ki, bir sıra regionlarda davam edən münaqişələr qlobal sabitliyə ciddi təhdid olaraq qalır. Rusiya–Ukrayna müharibəsinin davam etməsi və Yaxın Şərqdə gərginliklərin artması fonunda sülhün əldə olunması məsələsi daha da aktuallaşır.

Bu şəraitdə Azərbaycan modeli xüsusilə diqqət çəkir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə müasir dövrdə nadir, qəti və tam nəticəli hərbi-siyasi uğur kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vurğulandığı kimi, “Son 80 ildə Azərbaycan kimi mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, müharibədən sonra yaranmış yeni reallıqlar Ermənistanın kapitulyasiya aktını imzalaması və Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etməsi ilə nəticələnib. Bu isə regionda sülh gündəliyinin formalaşmasına zəmin yaradıb: “Azərbaycan və Gürcüstanın strateji potensialı bir-birini tamamlayır: Gürcüstanın açıq dənizə çıxışı və Azərbaycanın zəngin enerji resursları bu əməkdaşlığı daha da gücləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və ilk ixrac istiqamətlərindən biri məhz Gürcüstandır ki, bu da Tbilisinin enerji təhlükəsizliyində Bakının mühüm rolunu təsdiqləyir. Eyni zamanda rəqəmsal İpək yolu, data mərkəzləri və yaşıl enerji layihələri kimi yeni istiqamətlər iki ölkə arasında əməkdaşlığın strateji dərinliyini artırır. Son dövrlərdə beynəlxalq tərəfdaşlıq istiqamətində də mühüm irəliləyişlər əldə olunub. ABŞ və Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycanın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun göstəricisidir”.

R.Nəbiyev qeyd edib ki, Gürcüstanda baş verən son proseslər fonunda Azərbaycanın prinsipial mövqeyi və dövlət maraqlarını əsas götürən yanaşması da diqqət çəkir.

“Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən Azərbaycana səfər zamanı Prezident İlham Əliyevə ünvanlanan yüksək qiymətləndirmə ölkələrarası strateji münasibətlərin mahiyyətini əks etdirir. Bütün bu amillər Azərbaycan–Gürcüstan tərəfdaşlığının təkcə ikitərəfli formatda deyil, bütövlükdə regionun sabitlik, təhlükəsizlik və inkişaf arxitekturasında həlledici rol oynadığını bir daha təsdiqləyir”,- deyə deputat bildirib.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
16
azertag.az

1Mənbələr