Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ-nin yaxın zamanda NATO-dan çıxması real görünmür. Çünki NATO-nun əsas dayağı məhz ABŞ-dir. Alyansın büdcəsinin böyük hissəsi ABŞ tərəfindən təmin olunur və ümumilikdə NATO hərbi blok kimi ABŞ-dən ciddi şəkildə asılıdır. Son hadisələr, xüsusilə ABŞ-İsrail-İran gərginliyi fonunda NATO daxilində müəyyən fikir ayrılıqları müşahidə olundu. Bu da alyans daxilində parçalanma görüntüsü yaratdı. Artıq NATO-nun klassik hərbi blokdan qismən uzaqlaşaraq daha çox siyasi və geosiyasi platformaya çevrildiyi barədə fikirlər səslənir. Bəzi Avropa ölkələrində - məsələn, Macarıstan, Slovakiya, hətta Fransada belə NATO ilə bağlı fərqli yanaşmalar mövcuddur və zaman-zaman bu qurumun rolunun yenidən nəzərdən keçirilməsi təklif olunur. Bununla belə, NATO-nun tamamilə fəaliyyətsiz bir quruma çevrildiyini demək də düzgün olmaz. ABŞ-nin alyansdan çıxması isə, doğrudan da, NATO-nun gələcəyini ciddi şəkildə sual altına qoya bilər. Lakin belə bir addımın atılması hazırkı şəraitdə inandırıcı görünmür.
Ekspert qeyd edib ki, digər mühüm məqam isə hərbi-sənaye kompleksidir. ABŞ NATO ölkələrinə silah və hərbi texnika təmin etməklə böyük iqtisadi gəlir əldə edir. Bu faktor da ABŞ-nin NATO-da qalmasını stimullaşdıran əsas səbəblərdən biridir. Donald Tramp dövründə NATO-nun 5-ci maddəsinin tətbiqi ilə bağlı da müzakirələr oldu. Lakin qeyd etmək lazımdır ki, bu maddə yalnız NATO üzvünə birbaşa hücum olduqda işə düşür. Məsələn, İsrailə edilən hücum NATO-ya qarşı hücum hesab olunmur, baxmayaraq ki, bəzi NATO ölkələri İsraillə sıx əməkdaşlıq edir. Ümumiyyətlə, NATO-nun üzv ölkələri hər zaman bir-birini avtomatik şəkildə müdafiə etməyib. Məsələn, Türkiyə uzun illər müxtəlif təhlükəsizlik problemləri ilə üzləşsə də, NATO-nun birbaşa hərbi müdaxiləsi müşahidə olunmayıb. Bu kimi hallar alyans daxilində münasibətlərin hər zaman ideal olmadığını göstərir.
"ABŞ-nin Yaxın Şərq siyasətinə gəldikdə isə, son dövrlərdə müəyyən dəyişikliklər müşahidə olunur. Əvvəlki dövrlərdə Vaşinqton regionda müəyyən balansı qorumağa çalışırdı. Bu, həm Qəzza, həm Livan, həm də İran məsələsində hiss olunurdu. ABŞ mümkün qədər neytral mövqe tutaraq öz maraqlarını qorumağa çalışırdı. Lakin Donald Tramp dövründə bu siyasətdə ciddi dəyişikliklər baş verdi. ABŞ daha çox İsrailin regional siyasəti ilə paralel mövqe tutmağa başladı. Bu yanaşma isə riskli hesab olunur. Çünki İsrail regionda öz təsirini maksimum genişləndirməyə çalışır və bu, digər regional aktorlarla gərginliyi artırır. Bu siyasət ABŞ-nin Yaxın Şərqdəki mövqelərinə birmənalı şəkildə müsbət təsir göstərmir. Əksinə, bəzi hallarda Vaşinqtonun regiondakı nüfuzunun zəifləməsinə səbəb olur və xüsusilə ərəb ölkələri ilə münasibətlərdə əlavə gərginlik yaradır. Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşma ehtimalı isə hazırda yüksək görünmür. Lakin Suriya kontekstində maraqların toqquşması mümkündür. Belə bir vəziyyətdə ABŞ-nin hansı mövqe tutacağı sualı açıq qalır. Bunun üçün isə ABŞ-nin NATO-dan çıxmasına ehtiyac yoxdur - Vaşinqton bu cür qərarları alyans daxilində qalaraq da verə bilər", - deyə ekspert vurğulayıb.
Ş. Ağayev əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun siyasəti də tez-tez müzakirə olunur. Onun hakimiyyətinin davamlılığının müəyyən mənada təhlükəsizlik və hərbi gündəmlə bağlı olduğu iddia edilir. Müxtəlif münaqişələrin davam etməsi daxili siyasi proseslərə də təsir göstərir.
Nəticə etibarilə, ABŞ-nin NATO-dan çıxması ehtimalı hazırda daha çox siyasi ritorika və təzyiq aləti kimi görünür. Real addım kimi qiymətləndirilməsi üçün isə hələ kifayət qədər əsas yoxdur.
Səidə Ramazanova