AZ

Komitə sədri yeni güzəştlərdən danışdı

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin iclasında çıxış edib.

Musavat.com-un xəbərinə görə, komitə sədri Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşu barədə məlumat verib:

“Minatəmizləmə fəaliyyəti müasir dövrdə həm humanitar, həm də milli təhlükəsizlik baxımından ən həssas və həyati əhəmiyyət daşıyan sahələrdən biridir. Müharibədən və işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, infrastrukturun yenidən qurulması məhz bu təhlükəli, lakin şərəfli fəaliyyətin nəticəsində mümkün olur. Lakin bu müqəddəs missiya böyük risklər və itkilər hesabına həyata keçirilir. Humanitar, hərbi və operativ minatəmizləmə zamanı həyatını itirənlər öz canları bahasına insanların təhlükəsizliyini təmin edən, gələcək nəsillərə daha təhlükəsiz bir vətən miras qoyan qəhrəmanlardır. Bu baxımdan minatəmizləmə zamanı həlak olan şəxslərə dövlət qayğısı yalnız sosial siyasətin bir istiqaməti deyil, eyni zamanda mənəvi borc, milli məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Onların ailələrinin sosial müdafiəsi, təminatı və diqqət mərkəzində saxlanılması dövlətin humanist siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir”.

Arzu Nağıyev vurğulayıb ki, çıxış etməkdə məqsədi məhz bu istiqamətdə həyata keçirilən sosial siyasətin mahiyyətini, dövlət tərəfindən görülən tədbirləri və gələcəkdə bu sahədə atılmalı olan addımları diqqətə çatdırmaqdır:

“Təqdim olunan qanun layihəsi də minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi ilə hazırlanıb.

Qeyd edildiyi kimi, layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur”.

Komitə sədri bildirib ki, qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur:

“Layihə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilib və birinci oxunuş üçün plenar iclasa tövsiyə olunub”.

Müzakirələrdən sonra layihə ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr