AZ

Azərbaycan qlobal logistika sistemində strateji mövqeyini möhkəmləndirir – TƏHLİL

Bakı, 10 aprel, AZƏRTAC

Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə mövcud gərginlik fonunda qlobal logistika xəritəsi sürətlə dəyişir, ənənəvi marşrutların məhdudlaşması isə yeni və daha təhlükəsiz alternativlərə tələbatı artırır. Bu şəraitdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz qısa müddətdə diqqət mərkəzinə düşərək Avropa ilə Asiya arasında strateji əlaqələndirici xəttə çevrilməkdədir. Azərbaycanın bu marşrutda mərkəzi rol oynaması isə onu təkcə tranzit ölkə deyil, həm də regional sabitlik və əməkdaşlıq üçün açar aktora çevirir. Mövcud geosiyasi və geoiqtisadi reallıqlar fonunda ölkənin həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində balanslı siyasəti, yeni iqtisadi imkanlarla yanaşı, qlobal tərəfdaşlıq perspektivlərini də genişləndirir. Bu proseslərin fonunda Orta Dəhlizin davamlılığı, quru marşrutlarının üstünlükləri və Azərbaycanın artan strateji rolu xüsusi aktuallıq kəsb edir.

ABŞ-da fəaliyyət göstərən enerji strateqi, Corc Mason Universitetinin tədqiqatçısı Umud Şokri AZƏRTAC-a açıqlamasında bildirib ki, geosiyasi gərginliklər fonunda Orta Dəhlizin sürətlə ön plana çıxması Azərbaycanın həm siyasi, həm də iqtisadi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

“Bu marşrut üzrə yük daşımaları son illərdə kəskin artıb. Yüklərin həcmi 2021-ci ildə təxminən 840 min ton olduğu halda, 2024-cü ildə bu göstərici 4,5 milyon tona çatıb. Eyni zamanda, konteyner daşımalarında da son illərdə təxminən 260 faiz artım qeydə alınıb və bu artım 2025-ci ildə də davam edir”, – deyə o qeyd edib.

U.Şokri hesab edir ki, Azərbaycan bu dəhlizdə müasir infrastrukturu ilə mərkəzi rol oynayır. Bakı limanı və Bakı–Tbilisi–Qars dəmir yolu xətti ölkənin Avropa, Mərkəzi Asiya və Çin arasında etibarlı logistika körpüsü kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu isə, həm tranzit gəlirlərini artırır, həm də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir.

Onun fikrincə, Azərbaycanın artan rolu onun strateji əhəmiyyətini də yüksəldib: “Avropa İttifaqı, Türkiyə, Qazaxıstan və Çin kimi tərəfdaşlarla əməkdaşlıq genişlənir. Azərbaycan Avrasiya ticarətində neytral və etibarlı əlaqələndirici kimi çıxış edir. Lakin bu mövqenin uzunmüddətli olması üçün infrastruktur yatırımları davam etməli, liman imkanları kimi bəzi məhdudiyyətlər aradan qaldırılmalı və regionda sabitlik qorunmalıdır. Hazırda artım yüksək olsa da, bu dəhliz hələ də ənənəvi marşrutlarla müqayisədə daha az yük daşıyır və onun davamlı uğuru beynəlxalq əməkdaşlıqdan asılıdır”.

U.Şokri qeyd edib ki, Yaxın Şərqdə baş verən gərginliklər fonunda dəniz marşrutlarının riskləri artdıqca, Azərbaycan üzərindən keçən quru dəhlizlərinin üstünlükləri daha aydın görünür. Dəniz yolları münaqişə, piratçılıq və strateji boğazlarda yaranan problemlər səbəbindən risk altındadır, bu da daşınma müddətini uzadır və xərcləri artırır.

“Quru marşrutları isə daha sürətlidir və adətən 10–18 gün çəkir, halbuki dəniz yolu ilə bu müddət 45–60 günə qədər uzana bilər. Quru marşrutları daha sabit və proqnozlaşdırıla bilən logistika imkanı yaradır. Baxmayaraq ki, dəmir yolu və Xəzər dənizi üzərindən multimodal daşımalar bəzən hava şəraiti kimi amillərdən təsirlənə bilər, ümumilikdə bu marşrut yüksək dəyərli və vaxt baxımından həssas yüklər üçün daha etibarlı seçimdir. Ekoloji baxımdan bu marşrutların üstünlükləri var. Dəmir yolu daşımaları uzunməsafəli dəniz nəqliyyatı ilə müqayisədə daha az emissiya yaradır və yanacaq, sığorta xərclərində dəyişkənliyə daha az məruz qalır. Bu isə şirkətlər üçün daha dayanıqlı və ekoloji baxımdan məsuliyyətli təchizat zəncirləri qurmağa imkan verir”.

Ekspert qeyd edib ki, Azərbaycanın Şərq–Qərb Orta Dəhlizi ilə Şimal–Cənub nəqliyyat şəbəkəsinin kəsişməsində yerləşməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Müxtəlif regionlardan tərəfdaşları bir araya gətirməklə Azərbaycan əvvəllər ayrı olan iqtisadi məkanlar arasında körpü rolunu oynaya və şaxələndirilmiş təchizat zəncirlərini dəstəkləyə bilər.

AZƏRTAC-a danışan türk siyasi şərhçi Umur Tuqay Yücel də bu fikirdədir ki, Yaxın Şərqdə artan risklər dəniz daşımalarını çətinləşdirdiyi halda, Trans-Xəzər marşrutu çərçivəsində Azərbaycan üzərindən keçən quru yolları bir sıra üstünlüklər təqdim edir.

“Bu marşrutlar münaqişə zonalarından və dar boğazlardan uzaq olduğu üçün daha təhlükəsiz və proqnozlaşdırıla biləndir. Eyni zamanda, dəmir yolu və quru nəqliyyatına əsaslandığı üçün daşınma müddətləri daha sabitdir. Dəniz daşımalarında rast gəlinən gecikmələr, sığorta xərcləri və marşrut dəyişiklikləri bu dəhlizdə daha az müşahidə olunur. Azərbaycanın son illərdə liman, dəmir yolu və logistika infrastrukturlarına yatırdığı sərmayələr bu marşrutun dayanıqlılığını və fasiləsiz fəaliyyətini daha da gücləndirir. Azərbaycan həm Orta Dəhliz, həm də Şimal–Cənub xəttinin kəsişməsində yerləşərək artıq sadəcə logistika körpüsü deyil, çoxşaxəli regional mərkəzə çevrilir”, – deyə ekspert əlavə edib.

Beləliklə, mövcud reallıqlar göstərir ki, Orta Dəhlizin sürətlə ön plana çıxması təsadüfi deyil, qlobal geosiyasi dəyişikliklərin məntiqi nəticəsidir və bu proses Azərbaycanın rolunu keyfiyyətcə yeni mərhələyə yüksəldir. Quru marşrutlarının aktuallaşması, alternativ nəqliyyat xətlərinə artan tələbat və çoxşaxəli əməkdaşlıq imkanları fonunda Azərbaycan artıq sadəcə tranzit ölkə deyil, regionlararası əlaqələri formalaşdıran strateji mərkəzə çevrilir. Bununla belə, bu mövqenin davamlılığı infrastrukturun inkişafı, koordinasiyanın gücləndirilməsi və balanslı xarici siyasətin qorunmasından birbaşa asılı olaraq qalır.

Müxbir- Səbinə Əlizadə

Seçilən
29
1
azertag.az

2Mənbələr